
Azərbaycan Premyer Liqasında yeni mövsüm ən yaxşı formada olan klub sözsüz ki, “Zirə”dir.
Rəşad Sadıqovun yetirmələri arxada qalan 3 turda aktivinə 9 xal yazdıra bilib.
Nəzərə alaq ki, qələbələrdən biri son çempion “Qarabağ” üzərində qazanılıb. Onda belə başlanğıcın dəyəri daha da böyük görünmüş olur.
Paytaxt klubunun belə uğurlu startında bütün komandanın əməyi var. Amma mən bir şəxsi xüsusi ilə fərqləndirərdim.
Bu, yay fasiləsində transfer edilən qapıçı Tiaqo Silvadır. Qısa müddətdə kollektivə yaxşı uyğunlaşan 23 yaşlı qolkiper arxada qalan 3 turda qapısından cəmi 1 qol buraxıb.
Onu da sonuncu görüşdə “Səbail”lə matçda. Yalnız az qol buraxması deyil, həm də liderlik xüsusiyyətləri "Zirə"nin arxa xəttinə yeni ruh gətirib.
Maraqlıdır, portuqaliyalı özü bu barədə nə düşünür? Performansını necə qiymətləndirir?
Suallarımıza cavab olaraq saytımıza açıqlamasında əcnəbi qolkiper bunları deyib:
“Müdafiədə yaxşı çıxış edirik. Yalnız mənə görə deyil.
Bütün komandanın əməyi sayəsində müdafiədə yaxşı çıxış edirik. Son oyunda səhv etməsək qol buraxmadan 3 oyun keçirə bilərdik.
Buraxılan bu qoldan qaça bilərdik. Artıq səhv üzərində işləyirik və növbəti matçda qol buraxa bilmərik.
Liqanın ən yaxşı müdafiəsi olmalıyıq. Bəli, doğrudur, özümü artıq bütün komandaya uyğunlaşmış hiss edirəm.
Bu, əla həmkarlarım, əla məşqçilərim və hər şeydən əvvəl klubda əla insanların olması ilə bağlıdır.
Məni çox yaxşı qarşıladılar, həmişə özümü xoşbəxt hiss etdiyim üçün qayğı göstərdilər. Artıq özümü evdəki kimi hiss edirəm və komanda mənim 2-ci ailəmdir”.
XANOĞLAN / SPORTİNFO.AZ