
«Zirə» 2015-ci ildən Premyer Liqanın bir üzvüdür.
Builki start əvvəlki illəri kölgədə qoyur. Ardıcıl üç qələbənin yeri də, ləzzəti də bir başqadır.
Rəşad Sadıqov yayda istirahət etməyib. Bütün fikrini seleksiyaya verib, hər xırda detalın üzərində dayanıb, diqqət edib.
Hamı razılaşar ki, bu «Zirə» ötənilki, ondan da qabaqkı «Zirə»dən çox seçilir. Alınan futbolçular keyfiyyətli olunca, oyun da dəyişib, yaxşılığa doğru xeyli dəyişib.
«Zirə» daha can sıxmır, yuxu gətirmir. İzləyirsən və yenə izləmək istəyirsən, 90 dəqiqənin bitməsini istəmirsən.
«Səbail»lə qarşılaşmanı meydanın mərkəzində keçirmədilər. Yalnız müdafiənin qayğısına qalmadılar, qolu və qələbəni əks-hücumlarda görmədilər.
Ev sahiblərini meydanın onlara aid hissəsində qarşıladılar, topu ayaqda çox saxlamadılar. Önə istiqamətlənən ötürmələr gah mərkəzdən, gah da cinahlardan rəngli hücumuların qurulmasına səbəb oldu.
Felipe Paxtman 3 ilə yaxındır Azərbaycandadır. Bu üç ilin azı 30 ayını müalicə alaraq keçirib. Tanıdığımz şanssız legionerdir.
Rəşad Sadıqov yox, özgə baş məşqçi olmasaydı, braziliyalı hücumçunu bir belə gözləməzdi.
Dəyərmiş.
Paxtman müdafiəçilərin səhvindən sonra qabağına düşən topu sürətlə cərimə meydançasına daşıdı və toru silkələdi. O qədər ürəkdən sevinirdi ki…
O anda fürsət tapıb, Rəşad Sadıqova «sağ ol»unu da dilə gətirdi.
Bu, həssas mesajdır. Həmçinin nümunədir. «Zirə»də yüksəlişin təsadüfi olmamasının nümunəsi.
ELXAN