
“Zirə” cari mövsümdə meydana çıxdığı ikinci oyunu da qələbə ilə başa vurdu.
Qəsəbə təmsilçisi “Qarabağ”ın ardınca “Kəpəz”i də eyni hesabla məğlub edib (1:0), ilk pilləni ələ keçirdi.
“Qartallar”ın yay fasiləsində heyətinə qatdığı Fuad Bayramov Sportinfo.az-a müsahibə verib.
- Çempionatda ardıcıl ikinci qələbəni qazandınız. Bu cür başlanğıcı təsəvvür edirdiniz?
- Əlbəttə, xoş haldır. Avrokuboklara vəsiqə haqda düşünürüksə, bu cür də davam etməliyik. Başlanğıc uğurlu olanda, davamı da yaxşı gəlir. İnşallah, bu xallar bizə çempionatın gərgin vaxtlarında çox lazım olacaq. Artıq bu qələbələri unudub, heç nə olmamış kimi növbəti görüşləri düşünməliyik.
- “Qarabağ”la oyunda meydana ilk “11-lik”də çıxdığın halda, bu dəfə ehtiyatda qalmışdın. Səbəbini soruşsam, “baş məşqçinin qərarı idi, hörmətlə yanaşıram” deyəcəksən.
- (gülümsəyir)
- Bunu başa düşdük. Sən səbəbi nədə görürsən? “Qarabağ”la oyunda Rəşad Sadıqovun tələbinə tam cavab verə bilməmişdin, yoxsa “Kəpəz”ə qarşı cinahdakı tapşırıq başqa idi?
- Hocanın qərarı haqda heç nə deyə bilmərəm. Necə məsləhətdirsə, elə də edir. Bizim işimiz şans veriləndə tapşırıqları yerinə yetirməkdir.
- Yeri gəlmişkən, yayda “Zirə” seçimin də maraqlı oldu. Bildiyimə görə, başqa klublar da xidmətində maraqlı idi.
- Sırf öz seçimim oldu. Çox düşündüm və burada mənim üçün xeyirli olacağı qənaətinə gəldim. Bir az əvvəl dediyim kimi, komandada təcrübəli futbolçular var və məqsəd yüksək hədəflər uğrunda mübarizə aparmaqdır. İnşallah, seçimim mənə uğur gətirər.
- Ötən mövsüm “Şamaxı”da vurduğun 4 qol və verdiyin 8 qol ötürməsi ilə fərqlənməyi bacardın. Eyni və ya oxşar göstəricilərə “Zirə”də imza atmaq real görünür?
- Niyə də olmasın?! Hər şey özümdən asılıdır. Komandama fayda vermək üçün əlimdən gələni edəcəyəm. Məşqlərdə daha çox çalışmalıyam ki, əsas heyətdə şans qazanım. Meydanda olanda tapşırıqları düzgün yerinə yetirməliyəm ki, qol vurum, assist edim. Dediyim kimi, özümdən asılıdır. Bəlkə də ötənilki göstəricinin eynisi olmayacaq. Amma ona yaxın olacağına inanıram.
- Əsas millidən dəvət almaq istəyin qüvvədə qalır?
- Əlbəttə ki.
HƏBİB