“Zirə” 2015-ci ildən Premyer Liqa sıralarındadır. Bu müddətdə qalib gələ bilmədikləri rəqib yox idi.
Bir “Qarabağ” qalmışdı. Artıq onu da üstələməyin düsturunu tapdılar.
Həqiqətən də bu, qəsəbə klubu adına mühüm tarixi hadisədir. Rəşad Sadıqov “Qarabağ” sindomunu qıran ilk baş məşqçi kimi “Zirə”nin tarixinə keçdi.
“Zirə” yaya ciddi islahatlarla başladı. Sadıqov yerlilər və legioner daxil olmaqla, 12 nəfəri yola saldı.
Gedənlərin yerinə alınanların sayı hələlik 8-dir və böyük ehtimalla, önümüzdəki günlərdə bu siyahı bir qədər də genişlənəcək.
Nöqtə transferlər bir komandanın uğura aparan yolunu qısaldar. Yəqin ki, Rəşad Sadlqov yeni gələnlərin hamısına ümidlər bəsləyir və yanılmaq istəmir.
Onlardan biri var, Ruan Renato – “Qəbələ”dən gələn braziliyalı.
Bildiyimə görə, “sambaçı” hələ 2 il öncə “Zirə”nin formasını geyinə bilərmiş, keçid son anda baş tutmayıb.
Renato gec gəlsə də, güc gətirib komandaya.
“Qarabağ”ın bütün hücumlarını o, demək olar ki, təkbaşına önlədi, son vuruşlara mane oldu.
Yoxsa əvvəlkilər… Qatırdan da ləng idilər.
Qarşlayın, “Zirə”yə yeni lider gəlib – Renato! Müdafiə xəttini abıra mindirsə, yenə o mindirəcək.
KAMİL

