"Ailə problemlərim olduğu üçün..." - Yığmamızın hücumçusu

24 İyul 2022 02:30 Voleybol 903
"Ailə problemlərim olduğu üçün..." - Yığmamızın hücumçusu

Azərbaycanın qadın voleybolu üzrə millisinin hücumçusu Yelizaveta Ruban açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə danışan hücumçu milli komandanın Sloveniyadakı təlim-məşq toplanışı və Konyada keçiriləcək İslam Həmrəyliyi Oyunlarındakı çıxışı haqda bunları deyib:

"Ailə problemlərim olduğu üçün millinin məşqlərinə bir az gec qoşuldum. Hər birimizin şəxsi həyatımız, ailəmiz, övladımız var və müəyyən çətinliklərimiz olur.

Amma məsələ milli komanda olduğu zaman mən ailəmin, yaxınlarımın və komandamın dəstəyini hiss etdim. Onların köməyi ilə bu gün millimizin düşərgəsindəyəm və buna çox şadam.

Komandamızın düşərgəsinə qoşulmazdan əvvəl özüm fərdi şəkildə məşqlər edirdim ki, formamı qoruyub saxlayım. Ona görə də bu gün toplanışda çox çətinlik çəkmirəm.

Millidə gözəl ab-hava var. Məşqçilər və oyunçular arasında əsil komanda ruhu hiss olunur.

Hər birimiz İslamiadanın və Avropa çempionatının təsnifat mərhələsinin oyunlarının məsuliyyətini hiss edirik. Buna görə də məşqlərdə bütün gücümüzlə çalışırıq.

Hazırda Sloveniyada təlim-məşq toplanışımız davam edir və dünən yerli yığma komandaya qarşı ilk yoxlama matçımız oldu.

Bir neçə yoxlama görüşü də keçirəcəyik. Baş məşqçimiz bu yoxlama oyunlarında hər birimizə oynamaq şansı verir və bundan sonra əsas heyət müəyyən olunacaq.

Buna görə də biz çalışırıq ki, bu sınaqlarda maksimum yaxşı oyun göstərək.

İslam Həmrəyliyi Oyunlarında və AVRO-2023-ün təsnifat oyunlarında rəqiblərimizi tanıyırıq. Çalışmalıyıq ki, bu yarışlarda yüksək nəticələr əldə edək.

Meydanda rəqibimizin güclü və ya zəif olmasına baxmayaraq öz oyunumuzu səhvsiz oynamalıq. İnanıram ki, biz hər iki yarışdan vətənə qələbə ilə dönəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti