"Ona görə də Azərbaycan millisini çox çətin sınaq gözləyir"

03:20 Voleybol 78
"Ona görə də Azərbaycan millisini çox çətin sınaq gözləyir"

Azərbaycanın qadınlardan ibarət voleybol millisini Avropa çempionatının 1/8 finalında Türkiyə ilə oyunda çətin sınaq gözləyir.

Sportinfo.az xəbər verir ki, bu barədə "report" açıqlamasında yığmanın sabiq kapitanı Alla Həsənova deyib.

Onun sözlərinə görə, hər qarşılaşmaya motivasiya və inamla çıxmaq lazımdır:

"Qarşıda bizi daha çətin mərhələ gözləyir. 1/8 finalda Türkiyə millisi ilə qarşılaşacağıq. Türkiyə bu gün həm Avropanın, həm də dünyanın ən güclü komandalarından biridir. Həm də oyun Türkiyədə keçiriləcək. Ona görə də Azərbaycan millisini çox çətin sınaq gözləyir. Amma bu, idmandır. Hər oyuna böyük motivasiya və inamla çıxmaq lazımdır. Qızlara uğurlar arzulayıram. İnanıram ki, onlar meydanda əllərindən gələni və Azərbaycanı layiqincə təmsil edəcəklər".

A.Həsənova Azərbaycanın C qrupunun oyunlarına ev sahibliyi etdiyini xatırladıb:

"Milli komanda Bakıda 5 oyun keçirdi və bunların 3-də qələbə qazanaraq qrupu üçüncü pillədə başa vurdu. Fikrimcə, qrup mərhələsini keçmək komandanın qarşısına qoyulan əsas hədəflərdən biri idi və milli bunu bacardı. Bakıdakı oyunlar da kifayət qədər maraqlı və gərgin mübarizə şəraitində keçdi. Qrupdakı Belçika və Niderland həqiqətən ən güclü komandalar sırasındadır. Amma Azərbaycan millisi onlara qarşı da çox yaxşı mübarizə apardı. Hətta həmin oyunlarda komandamızın qələbə qazanmaq şansları da var idi. Sadəcə, bəzi məqamlarda üstünlüyü rəqibə verdik".

Türkiyə - Azərbaycan oyunu sentyabrın 1-də İstanbulda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti