Adı "Qarabağ"la hallanan ulduz: "Yenidən onunla çalışmaq istəmərəm"

20 Aprel 2020 13:00 Türkiyə 950
Adı "Qarabağ"la hallanan ulduz: "Yenidən onunla çalışmaq istəmərəm"

Orta yaşlı “Beşiktaş” fanatları yəqin ki Bobonu gözəl xatırlayır.

Sportinfo.az xəbər verir ki, tam adı Deyvison Rojerio Da Silva olan 35 yaşlı forvard 2006-11-ci illərdə “qara qartallar”ın şərəfini qoruyub və 2009-da çempionluq sevinci də yaşayıb.

Bobo İstanbuldan ayrılandan sonra yenidən iki dəfə Türkiyəyə qayıdıb. Belə ki, o, növbə ilə “Kruzeyro”, “Kayserispor”, “Qremio”, “Sidney” və “Alanyaspor”da top qovmuşdu. “Sambaçı” ötən ilin oktyabrından bəri Hindistan təmsilçisi “Haydarabad”da çıxış edir.

Bütün dünyada olduğu kimi, Hindistanda da koronavirus epidemiyası üzündən futbol dayanıb. Bügünlərdə menecerlər tərəfindən «Qarabağ»a təklif edilən Bobo “Beşiktaş”ın indiki çalışdırıcısı Sərgən Yalçını gözəl tanıyır.

O, Sərgənlə həm çiyin-çiyinə top qovub, həm də “Alanyaspor”da qısa müddət onun başçılığı altında oynayıb. Maraqlıdı ki, Bobo Sərgənin “Beşiktaş”ı çalışdırmağa layiq olmadığını düşünür:

“Sərgənin liderlik keyfiyyətləri istənilən səviyyədə deyil. O, futbolçulara öz sözünü deyə bilmir. Bundan başqa, “Alanyaspor”da mənə və bir neçə başqa futbolçuya qarşı dürüst davranmamışdı.

Ona görə də onun hazırda bu cür böyük klubun başında olması mənə qəribə gəlir. Sərgən “Beşiktaş”ı çalışdıracaq səviyyədə deyil! Yenidən onun başçılığı altında çalışmaq istəyərəmmi? Xeyr!

Onunla 6 ay futbol oynamaq və 2-3 ay başçılığı altında top qovmaq mənə kifayət etdi. Həyatımın sonuna qədər “Beşiktaş” fanatlarının qəlbimdə xüsusi yeri olacaq. Çox çılğın və kluba bağlı olmaları həmişə diqqətimi çəkirdi. Ən çətin durumda da komandanı dəstəkləyirlər.

Onların önündə oynadığıma görə özümü şanslı sayıram. Çempionluğa həsr olunmuş tədbirə həyatımda gördüyüm ən böyük bayraq gətirilmişdi. O günlərdə yaşadıqlarım unudulmazdı.

“Beşiktaş”ın indiki heyətində ən çox bəyəndiyim oyunçu Burak Yılmazdı. Əsl qoleadordu. Oyunboyu rəqib müdafiəsini gərginlikdə saxlayır və komandasına güc qatır.

“Beşiktaş” bu mövsüm onun oynamadığı qarşılaşmalarda ciddi problemlər yaşayıb. Dünyanın hansı nöqtəsində olmağımdan asılı olmayaraq, “Beşiktaş”ı, nəticələri və klubla bağlı son xəbərləri daim təqib edirəm.

Avstraliyada da, Hindistanda da klubun oyunlarına baxıram və hətta qol olanda yüksək səslə qışqırıram. Mənim üçün Türkiyə mətbəxinin də yeri ayrıdı.

Ən sevdiyim şey İstanbul Boğazında balıq yemək idi. Bu artıq məndə bir vərdişə çevrilmişdi. Ümumiyyətlə, həyatımda ən dadlı yeməkləri Boğazda yemişəm. İndi də orda olmağı çox istərdim. Hətta “Kayserispor”da oynadığım dönəmdə 1-2 günlük fasilə yaranan kimi İstanbula - balıq yeməyə qaçırdım”.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda