Premyer Liqanın 24-cü turunda “Turan Tovuz” doğma meydanda “Zirə”ni qəbul edib.
Bölgə təmsilçisinin son 3 oyunda qələbə qazanması yerli azarkeşləri həvəsləndirib.
Odur ki, Tovuz şəhər stadionunda qələbəlik müşahidə olunur. 3 mindən artıq futbolsevər yerli komandanı dəstəkləmək üçün arenanın yolunu tutub.
Lakin fəallıq hər zaman müşahidə etdiyimiz kimi deyil. Ayrı-ayrı dəqiqələrdə “Turan” sədaları eşidilsə də, bu, qısa zaman kəsiyini əhatə edir. Susqunluğun nəticə ilə əlaqəsi yoxdur.
Məntiqlə hesab 0:0 olarkən, tribunalar coşmalı, həmişəki ab-hava yaşanmalıydı.
Fasilədə stajlı azarkeşlərlə söhbət zamanı məlum oldur ki, tovuzlu azarkeşlərin əvvəlkitək səs-küylü görünməməsinin səbəbi “Qarabağ”ın “Gent”ə məğlub olmasıdır.
Ürəyi futbolla döyünənlər Ağdam təmsilçisinin Avropa Konfrans Liqasında mübarizəni dayandırması ilə barışa bilmir. Bir növ gecənin şokundan ayılmaq mümkün olmayıb.
“Qarabağ” Bakıda 1:0 hesabı ilə məğlub etdiyi “Gent”lə səfər qarşılaşmasında 0:1 hesabı ilə uduzub, penalti zərbələrində Belçika təmsilçisi dəqiq oynayaraq növbəti mərhələyə adlayıb.
HƏBİB / SPORTİNFO.AZ

