“Rəqibin adına və turnir cədvəlindəki mövqeyinə baxanda bizi çətin oyun gözlədiyini anlamaq çətin deyildi.
Üstəlik, doğma meydanda öz azarkeşlərinin qarşısında oynayırdılar”.
“Turan Tovuz”un aparıcı hücumçusu Natan Oduva Sportinfo.az-a açıqlamasında komandasının “Sabah” üzərində əldə etdiyi 2:0 hesablı qələbəni şərh edib.
Bölgə təmsilçisi çempionatın ən baxımlı futbol sərgiləyən iki komandasından birini Bakıda məğlub etməklə turun sürprizinə imzasını atdı. Natan isə bu dəfə də möhtəşəm idi. Komandasının ilk qolunu vurdu, bir neçə dəfə təhlükəli vəziyyət yaxaladı.
“Tottenhem”in yetirməsi qazanılan uğurun səbəbini bununla əlaqələndirib:
“Öz gücümüzə inanırıq. Bu oyuna qədər “Qarabağ” kimi güclü rəqiblə oyunda bacarığımızı ortaya qoymağa çalışmışdıq, derbidə “Kəpəz”i məğlub etmişdik.
Futbolçularda özünəinam yüksək səviyyədə idi. Və bunun davamını gətirməliydik. Bilirdik ki, istəsək, daha çox çalışsaq və mübarizə aparsaq, hədəfə çatmaq mümkündür.
“Sabah” çox güclü futbolçulardan qurulmuş taktiki və texniki keyfiyyətləri yüksək komandadır. Olduqca sürətli futbol sərgiləyirlər.
Gördüyünüz kimi, çox sayda qol imkanları oldu. Sadəcə, biz ələ düşən şansları qola çevirməyi bacardıq, onlar isə yox”.
Natan xüsusi məqama toxunmağı da vacib bilib:
“Bu dəfə sanki Bakıda yox, Tovuzda oynayırdıq. Xeyli sayda azarkeş bizi dəstəkləmək üçün stadiona gəlmişdik.
Və 90 dəqiqə dayanmadan dəstək oldular. Top hər dəfə bizdə olanda onların səsini, dəstəyini eşidirdik. Qazandığımız qələbəda onların rolu böyükdür”.
Natan Oduva cari Premyer Liqa mövsümündə “Turan Tovuz”un formasında meydana çıxdığı 18 oyunda 3 qol vurub, 4 məhsuldar ötürmə verib.
HƏBİB

