Adını hecaya bölüb, arasına vergül qoyacaqlar – Hər şey buna doğru aparır

21 Fevral 2023 21:20 Turan 1 084
Adını hecaya bölüb, arasına vergül qoyacaqlar – Hər şey buna doğru aparır

Mövsümün sonunda “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasovun adını hecaya bölüb, arasında vergül qoyub çağıranları görsəm, təəccüblənməyəcəm.

Bu gün Ayxandır, amma hadisələrin gedişi göstərir ki, adam “Ay, xan”a doğru inamla addımlayır.

Naxçıvanın keçmiş “xan”ı Vasif Talıbovdan fərqli, bu adı özünə özü yox, yerli publika verəcək.

9 ildən sonra komanda Premyer Liqaya qayıda, yayda qəpik-quruşla büdcə müəyyənləşə, hətta qonşu Gürcüstanda belə düz-əməlli toplanış keçməyə imkanı olmaya, borc alıb qaytara-qayatara çempionata komandaya hazırlayasan və yekunda avrokuboklara vəsiqə qazanasan.

Hadisələrin axarı buna doğru aparır. Yayda heyətini gücləndirən və yeni sponsorla anlaşan “Turan Tovuz” son oyunlarda qarşısıalınmazdır. “Şamaxı”, “Kəpəz” və ən əsası, “Sabah”ı da məğlub edərək vəziyyətini xeyli yaxşılaşdıran qərb təmsilçisi “Qarabağ”la “Sumqayıt”a da uduzmamalıydı. Kifayət qədər inamlı oynamış, qol imkanları yaxalamışdı.

Dünənə qədər 6-cı yeri qoruyub-saxlamağın planlarını cızan tvuzlu futbolsevərlər indi avrokubokların xəyallarnı qurur. Niyə də olmasın?!

4-cü pillədəki “Zirə” ilə xal fərqi 6-ya enib və cümə günü komandalar bölgədə üz-üzə gələcəklər. “Turan Tovuz” qalib gəlsə, “4-lüy”ə bir xeyli yaxınlaşacaq. Hələ kubok mübarizəsi də qalıb.

Ayxan Abbasovun yetirmələri bu motivasiya ilə davam etsə, “Neftçi” çətin bu komandanın qarşısında tab gətirsin. Necə deyərlər, havadan final qoxusu gəlir.

“Turan Tovuz” bir nəfərdən asılı deyil. Sıralanan qələbələrdə tribunaları dolduran azarkeşlərin, meydanda canını qoyan futbolçuların, rəqibləri təhlil etmək üçün gecəsini gündüzünə qatan məşqçilər heyətinin, maddi planda komandanın yanında olduğunu göstərən sponsorun, hətta bazadakı xadimələrlə mühafizəçilərin də rolu böyükdür.

Amma Ayxan Abbasov amili mütləq və mütləq qabardılmalıdır. O, təkcə komandanı oyuna hazırlamır. O, həm də bu komandanın, bazada çalışanların, Tovuz publikasının sevimlisidir. Çəkdiyi zəhmət, gördüyü iş və insani davranışları ilə o sevgini haqq edib.

Çox şey yazmaq və danışmaq olar. Qısa formada izah etməli olsam, “Turan Tovuz”un “Kəpəz”in gününə düşməməsinin başlıca səbəbkarı bu adamdır deyirəm.

Öz azərbaycanlımız, müasir məşqçilik məktəbinin bacarıqlı məzunu, işini və Tovuzu sevən Ay, xan Abbasov.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti