Deyim var ki, bir komandanın varlığı 3 amildən asılıdır - yaxşı baş məşqçi, normal və sabit büdcə.
«Turan Tovuz» dünənədək bu tələblərdən birinə cavab verirdi, artıq bu gün o iki şərt də yerini alıb.
Ayxan Abbasov Nadir Nəbiyevin Tovuz futboluna etdiyi ən böyük yaxşılıqdır.
İdman direktoru 9 ildən sonra Premyer Liqaya qaytarılmış rayonun sevimli brendini ona deyil, Yunis Hüseynova tapşırılmasına göz yumsaydı, «Turan» hazırda turnir cədvəlinin son pilləsində «lövbər salmışdı».
«Turan»ı komanda edən Abbasovun şəxsi keyfiyyətləri və qısa zamanda topladığı təcrübədir. Bu məziyyətləri debütant adıyla barışmamasına, liqada kök salmış rəqiblərə «kəllə atmasına» səbəbdir.
Dünənədək maddi güc zəif idi, indi o da düzəlib. Kluba yeni sponsor və onun vasitəsilə təravətli nəfəs gəlib.
Premyer Liqada möhkəmlənmək arzusuyla alışıb-yanan «Turan» üçün bundan gözəl nə xəbər ola bilər ki?! Şəraitin düzəlməsi, mükafatın artması futbolçulara ən böyük motivasiyadır.
Ötən gün Masazırda hesabat həftəsinin sensasiyası qeydə alınmadı. Gəlin, səhv etməyək!
Bu, cari mövsümün sensasiyasıdır. «Turan Tovuz» onun üçün xoş olan sürprizə ağıllı müdafiəsi, orta sahədə basqılı oyunu, üçüncü zonada «diri» tərpənişi ilə imza atdı.
Yalnız qapının toxunulmazlığının qayğısına qalmadılar, yoxsa «Sabah» şou göstərəcəkdi. Önləyici tədbiri gecikdirmədilər, hesabı erkən açdılar.
Ev sahibləri 10 nəfərlə qaldı, penaltini qaçırdılar, yenə əzmkarlığı yerə qoymadılar, davam etdilər. Bu da ikinci qolu gətirdi.
KAMİL

