Turun şoku Masazırda yaşandı.
Ayxan Abbasovun qısa müddətdə formalaşdırdığı "Turan Tovuz" çempionluğa namizəd göstərilən "Sabah"ı məğlub etdi - 2:0.
Həm də çox layiqli oyunla. Yəni meydanda hansısa fövqalbəşər qüvvə meydan sahiblərinin önünü kəsmədi. Murad Musayevin yetirmələri matç boyu qapı tirini, dirəyini saymadılar ki, bəxtləri gətirmədi deyəsən. 2-3 yaxşı epizodları ancaq oldu.
Tovuzlular isə 90 dəqiqə özünü heç qonaq kimi aparmadı. Düzgün müdafiə və sürətli əks-hücum taktikasını bütün matç boyu yaxşı icra etdilər.
Bəlkə də mövsümün ən yaxşı oyunun oynayan Ayxan Quseynov matçın qəhrəmanı idi. Öncə Nathan Oduvaya əla qol ötürməsi etdi, ardınca özü fərqləndi. Hətta bu arada bir penalı qaçırmaqla dubl şansını əldən verdi. Qələbə hesabı sona qədər qorunmasaydı, yəqin ki, Ayxan qəhrəmdan anti-qəhrəmana çevriləcəkdi.
Düzdü, tərəflərin büdcələrinə, hədəflərinə və heyətdəki futbolçuların çəkisinə baxaraq nəticəni surpriz adlandırmaq olar.
Amma cəmi 3 tur əvvəl bu "Turan" üçün lider "Qarabağ"ı büdrətməyə dəqiqələr yetməmişdi. Ağdamlılar böyük çətinliklə xal itkisindən qurtulmuşdu. Hələ onda yazmışdıq ki, nəticə olmasa da, komandanın oyunundakı inkişaf göz qamaşdırır. Antalya toplanışı və nöqtə transferlər böyük sıçrayışa vəsilə olub.
Bu da sözümüzün isbatı - son 3 turda qərb təmsilçisi qələbələri sıralayır.
Bir sözlə, səfərdə qazanılan parlaq qələbə hər nə qədər surpriz sayılsa da, şok effek yaratsa da bunda görülən işin, ortaya qoyulan əməyin bəhrəsi var.
"Turan" üçün 9 ildən sonra qayıtdığı Premyer Liqada ilk mövsüm qarşıya qoyulan hədəf erkən yerinə yetirildi.
Ayxan Abbasovun drujinasın bundan sonra yerindən tərpətmək müşkül görünür. Hələ üst pillələrdə yer alan "Qəbələ" və "Zirə" bir qədər ehtiyatlı olsa məsləhətdir. İndi adıçəkilən klublardan komandanı uyğun olaraq 5 və 6 xal ayırır. Hər iki rəqiblə arada 2 oyun qaldığını nəzərə alsaq, deməli, təhlükə qapıda sayla bilər.
XANOĞLAN İMANOV

