“Adı üstündədir” - “Turan Tovuz”un aparıcı simasından ismarıc

10 Fevral 2023 22:20 Turan 888
“Adı üstündədir” - “Turan Tovuz”un aparıcı simasından ismarıc

Fevralın 11-də diqqətlər Tovuza yönələcək.

Şənbə günü Premyer Liqanın 22-ci turu çərçivəsində “Turan Tovuz” əzəli rəqibi “Kəpəz”i qəbul edəcək.

Komandalar arasında müstəqillik illərinin ilk illərinə söykənən prinsipiallıq haqqında uzun-uzadı danışmağa gərək yoxdur. Stajlı futbolsevərlər Tovuz və Gənclə təmsilçilərinin qarşılaşmasının hansı önəm daşıdığını yaxşı bilir.

Təkcə cari mövsümə nəzər salsaq, qərblilərin haqq-hesabını görmüş olarıq.

Ölkə kubokunun ¼ final mərhələsi çərçivəsində bu komandalar arasında baş tutmuş iki oyunun nəticəsinə görə tovuzlular yarımfinala adlayan tərəf olmuşdu.

Cavab qarşılaşmasının son dəqiqələrində və matçdan sonra yaşananlar isə hələ də yaddaşlardan silinməyib.

Vacib oyun öncəsi “Turan Tovuz”un önəmli fiqurlarından olan Xəyal Nəcəfov Sportinfo.az-a açıqlamasında qərb derbisi ilə bağlı danışıb:

“Bu oyunun adı üstündədirt – qərb derbisi. “Turan Tovuz”la “Kəpəz” arasındakı oyunlar hər zaman prinsipiallığı ilə seçilib. Hətta komandalar Birinci Divizionda oynayanda belə, rəqabət hiss olunub.

Rəqib son vaxtlar yaxşı formadadır. “Qarabağ” kimi güclü rəqiblə heç-heçə oynamağı bacardılar. Lakin biz də gücümüzə inanırıq.

Doğma meydanda, doğma azarkeşlərimiz önündə oynayacağıq. Nəzəri cəhətdən üstünlük müəyyən mənada tərəfimizdədir.

Bu üstünlükdən yararlanıb azarkeşlərimizi sevindirməyə çalışacağıq. Fürsətdən istifadə edib tovuzlu azarkeşləri həmin gün stadiona, komandanı dəstəkləməyə səsləyirəm”.

Xəyal Nəcəfov cari mövsümdə “Turan Tovuz”un formasında 21-i çempionatda, 3-ü ölkə kubokunda olmaqla 24 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti