Şamaxıda bitən həsrət, cücərən yeni ümidlər

8 Fevral 2023 23:40 Turan 477
Şamaxıda bitən həsrət, cücərən yeni ümidlər

“Turan Tovuz”un mövsümün ikinci yarısında daha təkminləşmiş komanda təsiri bağışladığını daha əvvəldən sezmişdik.

Bölgə klubu məğlub olduğu “Qarabağ” (2:3), “Sumqayıt” (1:2) matçlarında kifayət qədər parlaq futbolla yadda qalmışdı.

Sadəcə, şanssızlıq xal və ya xallar qazanılmasının önündə ciddi sədd olmuşdu.

Şamaxıda isə bu da Ayxan Abbasovun yetirmələrinə mane olmadı. Əksinə, yanında oldu.

Məsələn, Rauf Hüseynlinin ikinci yarının əvvəlindəki baş zərbəsindən sonra topun qapı torunu silkələmədiyinə görə tovuzlular indi də şansa minnətdar ola bilərlər.

Ümumilikdə isə aşağı-yuxarı bərabər səviyyədə oyun keçdi.

İlk dəqiqələrdən sezmək olardı ki, qolu vuran qalib gələcək. Həmin bəxtəvər tərəf qonaqlar oldu.

54-cü dəqiqədə baş işlədərək topu Rəşad Əzizlinin qapısından keçirən Tərlan Quliyev əhəmiyyətli qələbənin qəhrəmanı olmağı bacardı.

Qərb təmsilçisi bu səfər qələbəsi üçün nə az, nə çox 5 ay səbr etməli olmuşdu. 15 tur əvvələ təsadüf edən sonuncu səfər qələbəsi də Şamaxıda baş tutmuşdu (1:0).

Məncə, bu 3 xal gec oldu, amma yerində gəldi. Abasovun yetirmələri növbəti üç xalla ilk “beşlik”də qərarlaşan “Qəbələ” ilə xal fərqini 7-yə endirdi.

Premyer Liqada qalmaq uğrunda mübarizə apardığı aşağıdakı rəqiblərin uğursuz olduğu turda ( yalnız “Kəpəz” aktivinə 1 xal yazdıra bilib) onlardan uzaqlaşmağı bacardı.

Xəbər verdiyimiz kimi, yaxın günlərdə bölgə klubu yeni sponsorla əməkdaşlığa start verir.

Yəqin ki, yeni tərəfdaşlar da matçı izləyənlər arasında olub. Onları qələbə ilə qarşılamaqdan gözəl hadisə?

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti