Əyalətdəki baş məşqçinin "dünyanın xoşbəxti mənəm mən" deyə bilməsi üçün…

7 Fevral 2023 09:40 Turan 486
Əyalətdəki baş məşqçinin "dünyanın xoşbəxti mənəm mən" deyə bilməsi üçün…

«Turan Tovuz» 9 illik aradan sonra döndüyü Premyer Liqada qalmaq yolunda növbəti addımı Şamaxıda atdı.

Necə bir hikmətdirsə, debütant növbəti qələbənin sevincini yaşamaq üçün doqquz tur gözləməli oldu.

Bu aranı heç-heçə və məğlubiyyətlərlə dolduran qərblilər səfər etdiyi rayonda yalnız nəticəyə oynadı.

«Şamaxı»nın evdə oynamasını, əzmkarlığını, vaxtın çoxunu hücumda keçirəcəyini nəzərə alıb, taktikanı bu cür qurdular.

Bir standart epizoddan da olsa, fərqlənə biləcəyini təxmin edib, dəqiqəbaşı irəli atılmadılar.

Səbr və nizamla müdafiə olundular, o dəqiqənin yetişməsini gözlədilər. Əsl səfər komandası kimi.

Ayxan Abbasovu maraqlandıran yeganə məsələ xaldır. «Turan» yenidən I Divizionun qapısını döysə, Tovuzda bir Allah qulu yadına salmayacaq ki, baş məşqçi bu komandaya gözəl futbol oynadıb.

Yerindən duran deyinəcək ki, AFFA bizi min bir xahişlə Premyer Liqaya qaytarmışdı, onda da belə.

Abbasov bu heyəti avrokuboklara vəsiqə qazanmaq niyyəti ilə qurmayıb. Orta pillələrin birinə yiyələnmək arzusu da yoxdur onun.

«Turan»ı Premyer Liqada saxlamaq vəzifəsini yerinə yetirmək bir dünya bərabəri xoşbəxtlik gətirəcək Abbasova.

Böyük ehtimalla, bu məqsədə çatacaq o(nlar). Şamaxıdakı 1:0-la işin 60 faizini gördülər.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti