Premyer Liqa futbolçuları belə səhvlər edirsə…

31 Yanvar 2023 15:00 Turan 601
Premyer Liqa futbolçuları belə səhvlər edirsə…

«Turan Tovuz»un oyunu ilə hesabı düz gəlmir.

Nə «Qarabağ»dan zəif təsir bağışladılar, nə də «Sumqayıt»dan.

Lider Tovuzdan futbolçuların fərdi səviyyəsinə görə 3 xal aparmışdısa, Sumqayıtdakı qarşılaşmanın müqəddəratını fərdi səhvlər həll etdi.

Off, Tərlan Əhmədli…

Eh, Şəhriyar Əliyev…

Tərlan «Turan»dan sonra başqa bir Premyer Liqa klubundan təklif almasa, alsa belə, oynamasa, yalnız özünü günahlandırmalıdır.

Ayxan Abbasovun ona verdiyi şansı başqa bir məşqçidən görməyəcək. Bugünlərin həsrətini, xiffətini çəkəcək.

Gör, neçənci dəfədir, gülməli xətalara yol verir. Todor Todorovskinin hesabı açdığı qol gözəl alındı və bunda şimali makedoniyalı müdafiəçi ilə yanaşı, Tərlanın ağlasığmaz mövqe xətasını mütləq qeyd etməliyik.

Premyer Liqada forma geyinən qapıçıya yaraşmayan bir səhvdən danışmaq necə də çətindir…

Şəhriyar Əliyev, deyilənə görə, komandanın lideridir. Kapitan sarğısı da qolunda. Yol verdiyi səhv isə heç bir ölçüyə sığmır.

Ayaqları topa dolaşan Şəhriyar karyerasının «payız fəsli»ni yaşayır. Bu, qəbul etsə də belədir, etməsə də. Müdafiə xətti Şəhriyarla çox zəif görünür.

O, son saniyələrdə günahını «yuya bilərdi», di gəl, iki metrdən topu qapının yaxın küncünə vurmaq əvəzinə komanda yoldaşını - Pusini «nişan aldı».

Pusidən söz düşmüşkən, albaniyalı yeni hücumçu ön xəttə hərəkət gətirdi, amma çi fayda! O da yaxın məsafədən «çərçivə»yə düşə bilməyəcək qədər naşı təəssürat doğurdu.

Ayxan Abbasov Natan Oduvaya çox etimad göstərir. İngiltərəli legioner «Turan»ın yarısıdır, fəqət, hamısı deyil.

Topu özündə çox saxlayır, yersiz davranır, vaxtında ötürmə etmir, arxaya tez-tez boylanır.

Boş yerə özünü o qədər yorur, 60-65-ci dəqiqədən sonra canı ilə əlləşməyə başlayır.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"