Oyun var, nəticə yox - Bölgə klubunun problemi nədir?

2 Fevral 2023 23:40 Turan 457
Oyun var, nəticə yox - Bölgə klubunun problemi nədir?

"Turan Tovuz" mövsüm ərzində oynadığı ən yaxşı 3 oyunundan ikisini bəlkə də qışdan sonra keçirib.

Həm "Qarabağ"la oyun (2:3), həm də "Sumqayıt"la matçda (1:2) məğlubiyyətlərə rəğmən meydanda daha yaxşı "Turan Tovuz" görə bildik.

Liderlə görüşdə məğlubiyyət son dəqiqə qolu ilə gəldisə, Sumqayıtda ardıcıl iki səhv komandanı xalsız qoydu.

Amma yayda yaradılan kollektivin qış toplanışında böyüdüyü, daha da "bişdiyi" açıq-aşkar sezilir. Oyun intizamı, xətlərarasında əlaqə, özgüvən hazırda daha üst səviyyədə görünür.

Sezonun əvvəlindəki komanda hara, indiki hara. Bunda iki yeni transferin səviyyəli olmasının da rolu az deyil.

Ən münasib rəqiblərlə oyunda çətinlik çəkən bölgə klubu indi əzəmətli "Qarabağ"la oyunda belə bəzən diqtə edən tərəfə çevrilməyi bacarırdı. "Kimyaçılar"la görüşdə də 90 dəqiqənin əksər bölümün Ayxan Abbasovun yetirmələrinin üstünlüyü ilə keçdi. Yaxşı imkanlar da yaradıldı. Azacıq diqqətli olsalar bir yox, bir neçə qol vura bilərdilər.

Gah bəxtsizlik, gah da hücumçuların diqqətsizliyi buna mane oldu. İstənilən halda, ön xəttin işinin öhdəsindən müəyyən ölçüdə gəldiyini demək olar. Hər halda, Nathan Oduvanın başçılıq etdiyi hücum xətti iki oyunda 5 qolla yadda qalmağı bacardı.

"Köhlən atlar"la dueldə iki dəfə bərabərlik qolu vuruldusa, Sumqayıtda da bir dəfə hesaba bərabərlik gətirmək mümkün oldu. Hücum xətti başqa nə etsin?

Bütün imkanlar qol olacaq deyə bir şey heç böyük klublarda keçərli deyil. Bəla ondadır ki, "Turan Tovuz" müdafiədə ciddi xətalara yol verir. Abbasovun komandalarına xas olmayan sadə qollar buraxılır. Qışdan sonrakı qarşılaşmalarda buraxılan 5 qoldan minimum üçü kobud səhvin nəticəsidir.

Müdafiə etibarlı davrana bilsəydi, qışdan sonrakı oyunlarda xal və xallar qazanmaq çox real görünürdü. Xalsızlıq Tovuz təmsilçisinin turnir cədvəlində yerində saymasına, digər rəqiblərin də sürətlə yaxınlaşmasına səbəb olur.

Yəqin ki, qarşıdakı həftə təcrübəli mütəxəssisin əsas işi arxa xətt oyunçularının sadə səhvlərinini minimuma endirmək olacaq. Belədə uğurlu nəticələr qapıda kimi görünür.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı