Moldovalı “Qarabağ”ı gördü, təəccübünü gizlətmədi

30 Yanvar 2023 17:00 Turan 1 985
Moldovalı “Qarabağ”ı gördü, təəccübünü gizlətmədi

“Əlbəttə, Azərbaycan çempionatında debüt etdiyimə görə sevindim.

Təəssüf ki, nəticə biz istəyən kimi olmadı”.

“Turan Tovuz”un yeni transferi Denis Marandiçi Sportinfo.az-a açıqlamasında yanvarın 25-də Premyer Liqanın 19-cu turu çərçivəsində komandasının “Qarabağ”la baş tutan oyunu haqda danışıb.

Cinah nüdafiəçisi olmasına baxmayaraq, Antalyadakı yoldaşlıq görüşlərində məhsuldarlıq nümayiş etdirən Moldova millisinin üzvü ilk rəsmi oyunda da sözünü deməyi bacardı.

Denis Ehtiram Şahverdiyevin fərqləndiyi epizodda assistent rolunu oynadı. Lakin rəqib son dəqiqələrdə vurduğu qolla tovuzluların 1 xalı bayram etməsinə imkan vermədi.

Qərb təmsilçisinin legioneri “Qarabağ”ın səviyyəsinə valeh olduğunu gizlətməyib:

“Meydanı xalla və ya xallarla tərk edə bilsəydik, əla olardı. Amma rəqib buna imkan vermədi.

Ölkənin ən güclü komandasına qarşı oynayırdıq. Və buna baxmayaraq, 2 qol vurmağı bacardıq. Hətta son saniyələrə qədər mübarizənin erkən başa çatmasına imkan vermədik.

Düzdür, hələ ki, yalnız bir matç keçirmişəm. Amma deyə bilərəm ki, çempionatın səviyyəsi yaxşıdır.

“Qarabağ”ın səviyyəsi isə bir başqadır. Həqiqətən güclü futbolçulardan təşkil olunmuş yaxşı təşkilatlanmış komandadır. Bundan sonra qarşıdakı görüşləri fikirləşməliyik”.

Əslən Moldovadan olan, lakin futbolun sirlərinə Portuqaliyada yiyələnən 26 yaşlı sol cinah müdafiəçisi bu ölkə ilə yanaşı, Sloveniya və Bosniyada legioner həyatı yaşayıb.

O, 2020-ci ildən dəvət aldığı Moldova yığmasında 7 oyun keçirib.

HƏBİB

Xəbər Lenti