Qəhrəman bu şəhərdə necə qarşılanacaq?

30 Yanvar 2023 14:00 Turan 696
Qəhrəman bu şəhərdə necə qarşılanacaq?

20-ci turun açılış oyunu “Kapital Bank Arena”da baş tutacaq.

Qış fasiləsində bir neçə legionerlə güclənən “Sumqayıt” doğma azarkeşləri önündə çempionatın “bərk qoz”u “Turan Tovuz”u qəbul edəcək.

Oyunun hansı məcrada keçəcəyi, hansı hesabla başa çatacağı, Samir Abasovla Ayxan Abbasovun duelindən hansının qalib ayrılacağı ilə işimiz yoxdur. Sualları zamanın öhdəsinə buraxıb bazar ertəsi saat 20:45-i gözləyək.

Məlum qarşılaşmada diqqətlər Ayxan Abbasova yönələcək. Vaxtilə “Sumqayıt”ı çalışdırmış, klubun 13 illik tarixində ilk dəfə bürünc medalları qazandırmış, iki dəfə ölkə kubokunun finalına yüksəltmiş, yerli futbolsevərlərə iki dəfə avrokubok həyəcanı yaşatmış həmin Ayxan Abbasov.

41 yaşlı mütəxəssisin Sumqayıtda gördüyü işlərin və yerli publikaya yaşatdığı sevincin fonunda sevildiyi şəhərdən necə ayrıldığını xatırlayanlar bilir. Detallara varmağın mənası yoxdur. Necə deyərlər, olan olub, keçən keçib.

İndi sual doğuran məqam Abasovun gənclər şəhərində bu dəfə necə qarşılanacağıdır.

Yaxşı xatırlayıram, cari mövsümün 4-cü turunda, avqustun 26-da komandalar arasında baş tutan və qolsuz bərabərliklə başa çatan oyunda Ayxan bəy sumqayıtlılardan haqq etdiyi isti münasibəti görməmişdi.

Niyə, hansı səbəbdən, kimə görə - bunu özü və işin arxasında duranlar yaxşı bilir. Yayın son ayında Sumqayıta qonaq qismində təşrif buyuran baş məşqçi hisslərinə hakim olmayıb oyunsonrası mətbuat konfransında soyuq münasibət haqda 1-2 cümlə də işlətmişdi.

Üstündən 5 ay vaxt keçib. Aleksey Baqanın komandanı hansı vəziyyətə saldığını, Samir Abasovun hələ də dərdə dərman tapa bilmədiyini yerli azarkeşlər görür və bilir.

Bəlkə də indiki vəziyyəti incələdikcə Ayxan Abbasovu xatırlayır, ölənlərinə rəhmət oxuyurlar. Bilmək olmaz, bəlkə də yenə də kim(lər)insə fitvasının havasındadırlar.

Odur ki, matçın başlama saatını, oyunun gedişini və qarşılaşmanın başa çatmasını gözləyək.

Görək, yaxın keçmişdə “Sumqayıt”a qazandırdığı nəticələrlə qəhrəman adını qazanan baş məşqçiyə bu dəfəki münasibət necə olacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı