“Bura elə yerdi ki...” - Necə olur ki, Tovuzda Bakı üçün darıxmırlar?

27 Yanvar 2023 00:50 Turan 583
“Bura elə yerdi ki...” - Necə olur ki, Tovuzda Bakı üçün darıxmırlar?

Azərbaycan Premyer Liqasının 19-cu turunda "Turan Tovuz" "Qarabağ"ı qəbul etdi.

Bu görüş çempionatın lideri olan Ağdam təmsilçisi üçün heç də asan keçmədi.

Oyunboyu rəqibin ciddi müqaviməti ilə üzləşən "atlılar" 5 qolun vurulduğu qarşılaşmada qələbəni son dəqiqələrdə qazandılar.

Oyunu maraqlı və gərgin edən amil Tovuz təmsilçisinin rəqibindən çəkinməməsi idi. Bunun səbəblərindən biri təxminən 3000 azarkeşin onlara dayanmadan verdiyi dəstək idi.

Sportinfo.az xəbər verir ki, publika.az-a müsahibə verən "Turan Tovuz"un futbolçusu Şəhriyar Əliyev də bu məqamı önə çəkib:

"Azarkeşlərin dəstəyini təkcə bu oyunda deyil, həmişə hiss edirik. Bütün matçlarda 90 dəqiqə dayanmırlar. Hər oyunda rəqibi təzyiqdə saxlmağa çalışırlar. Oyunlar bitdikdən sonra da bu dəstəyi hiss edirik. Onlara təşəkkür edirəm ki, həmişə komandanın yanındadırlar".

Gərgin keçən oyun barədə də danışan 30 yaşlı müdafiəçi Ağdam təmsilçisi ilə görüşlərə ciddi hazırlaşdıqlarını söyləyir:

"Son çempionla oyuna yaxşı hazırlaşmışdıq. Antalyadakı yoldaşlıq oyunlarını da təhlik etmişdik. Bilirdik ki, "Qarabağ" səhv bağışlayan komanda deyil. Usta oyunçuları çoxdur, hər an hər şey edə bilərlər. Ona görə mümkün qədər diqqətli olmağa çalışırdıq. Oyun elə alındı ki, xal da qazana bilərdik. Düşünürəm ki, belə oyunlar futbolçuların inkişafı üçün olduqca vacibdir. Yeni oyunçularımızın da potensialın gördük. Mövsümün ikinci hissəsinə yaxşı templə başlamışıq, düşünürəm ki, belə də davam etməliyik".

"Turan Tovuz"un kapitanı Premyer Liqanın ikinci yarısında daha yaxşı çıxış edə biləcəklərini düşünür:

"Mövsümün ilk yarısında vəziyyət elə idi ki, komanda yeni yığılmışdı. Belə məqamlarda ilk vaxtlar çətinliklər olur. Uyğunlaşmaq, alışmaq və s. baxımından. Ancaq qış toplanışında çatışmayan cəhətlərimizi aradan qaldırmağa çalışdıq. Zəif cəhətlərimizi təhlil edib üzərində çalışdıq. Düşünürəm ki, oyundan-oyuna artıracağıq".

Daha əvvəl "Kəpəz"də çıxış edən Şəhriyar Əliyev düşünür ki, bölgələrdə futbolun olması vacibdir. Çünki burada futbola maraq böyükdür:

"Bölgələrlə futbol çox gözəldir. Tovuzda, Gəncədə və Şamaxıda azarkeşlərin necə dəstək olduğunu görürük. Onların önündə oynamaq çox motivasiyalı olur. Gələcəkdə Zaqatala, Lənkəran və digər şəhər və rayonlarımızı da Premyer Liqamızda yenidən görək. Bölgə klublarının sayı nə qədər çox olsa, futbolumuzun durumu bir o qədər yaxşı olacaq".

Bakı kimi şəhərdə istənilən futbolçu çıxış edə bilər. Ancaq paytaxtdan xeyli uzaqda yerləşən Tovuzda oynamaq, yaşamaq onlara çətinlik yarada bilər. Çünki oyunçuların çoxu daha aktiv və böyük şəhəri seçməyə üstünlük verir. Bəs bu sarıdan "Turan"da vəziyyət necədir? Daha əvvəl bölgə təmsilçilərindən Gəncənin “Kəpəz” klubunun formasını geyinən müdafiəçi sualımızı belə cavablandırdı:

"Bakı ilə müqayisədə bölgələrdə şərait fərqli ola bilər. Amma bu, bizdə hiss olunmur. Kollektivdəki münasibət, mehribanlıq hər şeyi üstəliyir. Ona görə də, kənar heç bir məqam bizə təsir etmir. Komandada mehribanlıq olmasaydı, bəlkə də fərqli vəziyyət olardı. Bura elə yerdi ki, futbolu, komandanı sevirlər. Hər gün gördüyümüz dəstək imkan vermir ki, başqa nəsə hiss edək".

Əliyev sonda komandanın bu mövsümkü hədəflərindən də danışdı:

"Bu mövsüm üçün qarşımıza heç bir məqsəd qoyulmayıb. Amma istəyərik ki, nəticələrimiz yaxşı olsun. Ona görə çox çalışırıq. Kubokda yarımfinal matçlarımız var. Final oynamağı çox istəyirik. Bu, bizim üçün çox yaxşı olar. Qarşımıza hədəf qoyulmasa da, məqsədlərimiz var".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!