Ölkə kubokunun yarımfinalına yüksəlməklə futbol ictimaiyyətini təəccübləndirən “Turan Tovuz” mövsümün ikinci yarısına hazırlığı Antalyada davam etdirir.
Yanvarın 3-də Bakıya bir araya gələn, bundan 4 gün sonra qardaş ölkəyə yola düşən qərb təmsilçisi yanvarın 9-da ilk yoldaşlıq görüşünü keçirməyə imkan tapdı.
Ayxan Abbasovun yetirmələri Rumıniya “Petrolul”u ilə qarşılaşmada 2 qol vurmağa nail olsa da, yekun nəticə rəqibin xeyrinə oldu – 3:2.
“Turan Tovuz”un aparıcı legionerlərin xidmətindən yararlanmadığını, üstəlik, oyunun fiziki yüklənmələr fonunda baş tutduğunu nəzərə alsaq, yenilgi başa düşüləndir.
Komandanın kapitanı, təcrübəli futbolçu Şəhriyar Əliyev Sportinfo.az-a açıqlamasında toplanışın gedişatı, eləcə də “Petrolul”la qarşılaşma barədə fikirlərini bildirib:
“Yanvarın 3-dən əsasən fiziki gücə hesablanmış məşqlər keçirik. Fasilədən sonra həmişə belə olur.
Ayın 7-də Antalyaya gəldik, 2 gün sonra “Petrolul”la qarşılaşdıq. Bu ərəfədə omandada yüklənmənin olması anlaşılandır.
Üstəlik, bəzi legionerlər meydana çıxmamışdı. Oynayan futbolçular isə əsasən 45 dəqiqə şans qazandı. Güclü rəqibə qarşı layiqli mübarizə apardığımızı düşünürəm.
Sınaq matçlarında nəticə o qədər də önəm daşımır. Bu dəqiqə bizim üçün vacib olan səhvlərimizi görmək, onlardan nəticə çıxarmaqdır.
Fiziki durumumuz yaxşılaşdıqca, mövsümün ikinci yarısına hazır olacağıq”.
HƏBİB

