“Turan Tovuz” Premyer Liqanın ikinci yarısına hazırlığını Antalyada davam etdirir.
Yanvarın 7-də vətəni tərk edən baş məşqçi Ayxan Abbasovun yetirmələri 2 gün sonra qardaş ölkədə ilk yoldaşlıq görüşünə çıxdı.
Rəqib Rumıniyanın köklü klublarından olan “Petrolul” idi. Kifayət qədər gərgin və maraqlı keçən qarşılaşmanın sonunda rumınlar 3:2 hesablı qələbəyə sevindi.
Təbii, elitaya cari mövsümdə qayıdan qərblilərin Avropa təmsilçisi ilə layiqli mübarizə aparması və rəqib qapısından 2 top keçirməsi alqışlanmalıdır. Ümumi götürsək, yoldaşlıq görüşlərində nəticə heç bir önəm daşımır.
Oyunla bağlı sual doğuran məqam “Turan Tovuz”un heyətində legionerlərin adına rast gəlməməyimiz idi.
Start heyətində əcnəbilərdən Piruzi Marakvelidze ilə yeni transfer Denis Marandiçi yer almışdı. Ehtiyatda qalan 8 nəfərin hamısı yerlilər idi.
Komandanın əsas simaları – Natan Oduva, Runi Eva, Xulu Siyanda, Henri Okebuqvunun meydana çıxmaması tək bizim yox, tovuzlu futbolsevərlərin də təəccübünə səbəb olmuşdu.
Klubun sosial şəbəkə hesablarında legionerlərlə bağlı yazılan şərhlər azarkeşlərin narahatlığının göstəricisi idi.
Elə bu səbəbdən Ayxan Abbasovla əlaqə saxlamağı məqsədəuyğun bildik.
Baş məşqçi Sportinfo.az-a açıqlamasında narahatlığa gərək olmadığını deyib, adları çəkilənlərin düşərgəyə yeni qoşulduğunu, meydana çıxmağa tam hazır olmadıqlarını bildirdi.
Tovuz təmsilçisinin qaradərili əcnəbiləri yanvarın 13-də İsveçrə “Aarau”su, ayın 17-də Polşa “Qurnik”i ilə yoldaşlıq görüşlərində şans qazanacaq.
HƏBİB

