Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz” ilk yoxlama görüşündə məğlub olub.
Premyer Liqanın yeni təmsilçisi “Petrolul”la qarşılaşıb.
Görüş Rumıniya klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Tovuzluların heyətində qollara 5-ci dəqiqədə yeni transfer Denis Marandiç, 66-cı dəqiqədə isə penaltidən Ayxan Hüseynov imza atıb.
"Turan"ın baş məşqçisi Ayxan Abbasov yoxlama matçı haqda Sportinfo.az-a bunları söyləyib:
"Bu, yeni ildə ilk oyunumuz idi. Futbolçular istirahətdən sonra ideal formalarından uzaq olurlar.
Ağır məşqlər keçirik, belə vaxtda güclü rəqibə qarşı mübarizə aparmaq çətindir. Buna rəğmən, uşaqlar əlindən gələni etdi.
Bəzi aparıcı futbolçular meydana çıxa bilmədi. Natan, Runi və Henri komandaya yeni qoşulub. Cavid Tağıyev də xəstə olduğundan, ondan yararlana bilmədik.
Təzədən formamızı bərpa eləmək üçün belə oyunlar lazımdır. Yorğunluq fonunda futbolçuların nə qərar verməsini görmək vacibdir.
Yaxşı ki, zədə olmadı. İstədiyimiz «yük»ü ala bildik. Toplanışın bəhrəsini çempionatda görəcəyik. Buradakı oyunların nəticəsi bizim üçün o qədər önəmli deyil.
Bununla belə, hər matça qalib gəlmək üçün çıxırıq. Bu gün oyunçularımız gümrah olmasalar da, bütün mübarizələrdə qalib gəlməyə çalışırdılar.
Hər şey istədiyimiz kimi gedir. Bundan sonra daha 2 yoxlama matçımız olacaq. Bütün futbolçulara şans verməyə çalışacağıq.
Onları iş başında görmək istəyirik ki, çempionatda düşdüyümüz vəziyyətə uyğun qərarlar verək. Komandam yaxşı çıxış etdi, qol epizodlarımız oldu.
Səhvlərimiz də var idi. Qarşıdakı görüşlərdə daha diqqətli olmalıyıq. Çalışacağıq ki, bütün futbolçular ideal formalarına qayıtsınlar".
Yanvarın 18-dək Antalyada hazırlıq keçəcək “Turan Tovuz” daha 2 yoxlama görüşündə qüvvəsini sınayacaq. Ayxan Abbasovun kollektivi ayın 13-də “Aarau” (İsveçrə), 17-də isə “Qurnik”lə (Polşa) qarşılaşacaq.

