“Turan Tovuz”un məşqçi və futbolçu heyəti üçün qış fasiləsi başa çatıb.
Çempionatın ikinci yarısına hazırlaşan bölgə təmsilçisi hazırlığa Bakıda start verib.
Ayxan Abbasovun yetirmələri məşqlərini gündə bir dəfə olmaqla Dövlət Yol Polisinin Xırdalandakı stadionunda davam etdirir.
Hazırlıqda yalnız yerli futbolçular iştirak edir ki, əsas komandanın çalışmalarına 18 futbolçu qatılıb.
“Turan Tovuz”un legionerləri komandaya Antalyada qoşulacaq.
Qərb təmsilçisi yanvarın 7-si səhər saatlarında Bakıdan Türkiyənin kurort şəhərinə yola düşəcək. Əcnəbi futbolçular yanvarın 7-də və 8-də düşərgəyə qatılacaq.
Noyabrda Cənubi Afrika millisində zədələnən Xulu Siyanda da nəzərdə tutulan vaxtda kollektivə qoşulacaq. Təcrübəli müdafiəçi zədə problemini geridə qoyub.
11 gün Türkiyədə məskunlaşacaq “Turan Tovuz” 3 yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
Bölgə komandası yanvarın 9-da “Petrolul”la qarşılaşacaq, yanvarın 13-də İsveçrə “Aarau”su ilə üz-üzə gələcək. Antalyadakı təlim-məşq toplanışında son oyun isə yanvarın 17-də Polşa “Qurnik“inə (Zabrje) qarşı olacaq.
“Turan Tovuz” yanvarın 18-də hazırlığı başa vuraraq vətənə dönəcək.
HƏBİB / SPORTİNFO.AZ

