«Mən kluba yeni maliyyə mənbələrinin tapılmasında yardımçı ola edə bilərəm».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Turan»ın yaradıcısı və ilk prezidenti Vidadi Əhmədov deyib.
«Turan Tovuz»un Müşahidə Şurasında yer alan biznesmen idarəçilərə öz köməkliyini təklif etdiyini bildirib:
«Klubun prezidenti Oqtay Abdullayevlə görüşüb bu haqda danışmışam. Demişəm ki, gəlin, Tovuzdan olan dövlət məmurlarına, iş adamlarına bir-bir müraciət edək, onlarla görüşək.
Rayonun İcra Hakimiyyəti xüsusi dəvətnamə hazırlayıb. «Turan Tovuz»a maddi dəstək verə biləcək şəxslərə çağırış olunub.
Oqtay müəllimə söyləmişəm ki, mən hazır, həmin məktubları da götürək, gedək o adamlarla danışaq. Bizim rayondan çıxan nə qədər iş adamı, vəzifəli şəxs var.
Onlar arasında tanışlarım, şəxsi münasibətim olanlar çoxdur. Kimisinə ərk edə, kimisinə xahiş edə bilərəm. Yəqin ki. mənim sözümü yerə salmazlar.
Bəli, xəbərim var, Ayxan Abbasov komandanın gücləndirilməsini, bir neçə transfer edilməsini istəyib. Oqtay müəllim mənə deyib ki. büdcədə vəsait qalmayıb, nə edəcəyimizi bilmirik.
İcra Hakimiyyətinin vəzifədə olanlara, iş adamlarına müraciət etməsi kluba fayda verər. İcra başçısı Məmməd Məmmədovun «Turan»a görə onlardan kömək istəməsini görəcəklər, hamısı da pul verəcək.
İnanmıram ki, bu məktubu görəndən sonra kimsə kənarda qalsın, doğma rayonunun komandasına vəsait ayırmasın.
Bunun üçün tez hərəkətə gəlmək. Görüşlər keçirmək lazımdır. Mən hər dəqiqə hazıram».

