Premyer Liqada cari mövsümün dördüncü baş məşqçi istefası qeydə alına bilər.
Deyəsən, növbə «Turan Tovuz»a çatıb. Bu ilin iyununda qərb klubunda işə başlayan Ayxan Abbasov ona yaradılan şəraitdən kəskin narazıdır.
Doqquz ildən sonra elitaya qayıtmış komanda ilə sezonun ilk yarısında uğurlu nəticələr qazanan mütəxəssis buradan ayrılmaq istədiyini rəsmilərlə söhbətində dilə gətirib.
O, heç nə yox, sadəcə, heyətin gücləndirilməsi tələbini irəli sürüb. Abbasov qış fasiləsində 3 yeni futbolçunun alınmasının vacib olduğunu bildirib.
Gənc çalışdırıcını narahat edən digər məsələ əməkhaqları və mükafatların vaxtında ödənilməməsi, oyunçuların üzləşdiyi gündəlik problemlərin həll olunmamasıdır.
«Turan Tovuz» ölkə kubokunda yarımfinala yüksəlib. ¼ final mərhələsində «Kəpəz»i üstələyən kollektiv finala çıxmaq üçün «Neftçi» ilə mübarizə aparacaq.
Tovuz təmsilçisi Premyer Liqada da 18 tur ərzində özündən söz etdirməyi bacarıb. 17 xala toplayan komanda turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
«Turan Tovuz» dövlətin ona ayırdığı dotasiyanın hesabına yaşayır. Yerli iş adamlarından, başqa yerdən gəliri yoxdur.
Klub rəhbərliyi bildirib ki, büdcədə vəsait çatışmazlığı yaranıb, baş məşqçinin tələblərini yerinə yetirmək imkanları yoxdur.
Bu mövsüm yüksək liqanın 3 iştirakçısı baş məşqçisi ilə vidalaşıb. «Kəpəz» Yaşar Vahabzadəni, «Sumqayıt» Aleksey Baqanı görəvdən uzaqlaşdırıb.
Onları müvafmq olaraq, Tərlan Əhmədov ilə Samir Abasov əvəzləyib. Mahmud Qrubanov isə öz istəyi ilə «Səbail»i tərk edib.
SPORTİNFO.AZ

