Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində Tovuzda baş tutan “Turan Tovuz” – “Kəpəz” görüşünün son dəqiqələrində gərginlik pik həddə çatmışdı.
Baş hakim Rəvan Həmzəzadə final fitini səsləndirən kimi meydanda ara qarışdı, məzhəb itdi.
Meydan sahiblərinin qapıçısı Tərlan Əhmədli ilə qonaqların gürcü futbolçusu Mate Kvirkviya arasındakı mübahisəyə Matenin həmyerlisi Mixeil Erqemlidzenin də qoşulması gərginliyin artmasına səbəb oldu.
Mübahisə edənlərin sayı çoxaldı, davanın dozası çoxaldı. Nəticədə Həmzəzadə Tərlan Əhmədli ilə Mate Kvirkviyaya qırmızı vərəqə göstərməklə aranı nisbətən sakitləşdirməyə nail oldu.
Futbolçular yenicə sakitləşmişdi ki, bu dəfə yerli azarkeşlər ayağa qalxdı. Məhəccərlərdən içəri daxil olmaq istəyən kim, polisin müqavimətini qırmaq istəyən kim, söyüş söyən kim.
Poqonlular bir qədər sayıq davranmasaydı, indi Tovuzdakı polis bölməsindən və xəstəxanadan məlumatlar yazacaqdıq.
Sən demə, tovuzlu azarkeşlərin özündən çıxması boşuna deyilmiş
İki komanda arasındakı münaqişə səngiyəndən sonra futbolçular paltardəyişmə otağına yön alanda, yerli fanatlar “Kəpəz”liləri fitə basıb, bəzi xoşagəlməz ifadələr səsləndirib.
Bu an Mixeil Erqemlidze tribunaya baxaraq yerli azarkeşlərə barmağı ilə biədəb jest edib. Gürcünün gəmidə oturub gəmiçi ilə dava həvəsinə düşməsi matçı izləməyə gələnləri özündən çıxarıb.
Erqemlidzenin barmağını sındırmağa hazır olan azarkeşlər qonaq futbolçudan qisas almaq istəyəndə polis əməkdaşları baş verə biləcək qanlı hadisənin qarşısını çətinliklə də olsa alıb.
Nəticədə “Kəpəz”in futbolçuları paltardəyişmə otağına klub əməkdaşlarının və polis əməkdaşlarının mühafizəsi altında yollanıb.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

