“Turan Tovuz”un rəhbərliyində gözlənilməz ayrılığın yaşanması haqda xəbər vermişdik.
“Turan”ın qurucusunun və ilk prezidentinin gözləntilərinin doğrulmamasına görə Müşahidə Şurasından uzaqlaşması haqda məlumat alan kimi sizə təqdim etmişdik..
Onu da bildirmişdik ki, Vidadi bəyin əsas istəyi şuraya rəhbərlik etmək olub. Lakin rayonun icra başçısı Məmməd Məmmədov yerli biznesmenin təyinatına qarşı çıxıb və Rəşid Məhərrəmovun sədrliyə gətirilməsini istəyib.
İşi belə görən Əhmədov adi üzv kimi şurada fəaliyyət göstərməkdən imtina edib və klubla bütün əlaqələrini kəsib.
O, vəd etdiyi 10 min manatlıq yardımı da “Turan Tovuz”a göstərməyib.
Vəziyyətin hansı səbəbdən bu həddə çatdığını öyrənmək üçün klubun prezidenti Oqtay Abdullayevlə əlaqə saxladıq:
“Vidadi Əhmədov Azərbaycan futbolunda, xüsusən də “Turan Tovuz”da böyük əmək sahibidir.
Bu ad vaxtilə doğma şəhərinin komandası üçün şəxsi pulunu xərcləyib. Vidadi müəllimin Tovuzda hansı nüfuza sahib olduğunu hər kəs bilir.
Yayda icra başçısı Məmməd Məmmədov Tovuzun idman ictimaiyyəti və klub rəsmiləri ilə görüşəndə, futbol adamları
Əhmədova şurada sədr postunu təklif etmişdi. Başçı da bununla həmfikir idi. Lakin Vidadi müəllim Bakıda yaşadığını və işlərinin çoxluğunu əsas gətirib təklifə müsbət cavab verə bilməyəcəyini bildirdi.
Dedi, sədr elə adam seçilməlidir ki, daim Tovuzda – komandanın yanında olsun.
Hətta yadımdadır ki, həmin görüşdə Vidadi müəllim söz demək üçün ayağa qalxanda hamı onu alqışlamışdı. O da çıxışında “Turan Tovuz”un inkişafı üçün əlindən gələni edəcəyini söyləmişdi.
Birincisi, Vidadi müəllim şəxsən Müşahidə Şurasının sədri olmaqdan imtina edib. İkincisi, o, hələ də şuranın üzvüdür. Üçüncüsü, söz verdiyi 10 min manatı artıq klubun büdcəsinə köçürüb, üstəlik, əlindən gələni gedir.
Əhmədovun Müşahidə Şurasında olmasının özü “Turan Tovuz” üçün böyük üstünlükdür. Vidadi müəllimlə daim əlaqədəyik, inkişaf və problemlərin həlli üçün yollar axtarırıq”.
Vidadi Əhmədov ölkəmizin müstəqillik tarixinin ilk illərində “Turan”ı şəxsi vəsaiti hesabına maliyyələşdirib.
Qərb təmsilçisi məhz Əhmədovun dönəmində ilk çempionluğunu bayram edib, ölkəmizi avrokuboklarda təmsil edən ilk komanda kimi tarixə düşüb.
HƏBİB

