“Qəbələ” mənə doğma komandadır.
Burada gözəl illərim keçib, ona görə də bu rəqibə qarşı oynayarkən qeyri-adi hisslər olur”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində baş tutan “Qəbələ” – “Turan Tovuz” oyunu ilə bağlı danışan Ehtiram Şahverdiyev deyib.
Kifayət qədər maraqlı keçən oyunda qol səsi eşidilməsə də, meydan sahibləri yaratdığı çoxsaylı qol epizodları ilə qərblilərə çətin anlar yaşatmağı bacardı.
Lakin açıq-aşkar görünürdü ki, səfərdəki 1 xal çempionatın debütantına sərf edir. Hər nə qədər də olmasa, “Qəbələ” təcrübəsinə və futbolçuların ustalıq bacarığına görə rəqibini üstələyir.
Tovuzluların cinah oyunçusu Qəbələyə qələbə dalınca getdiklərini desə də, heç-heçəni ədalətli nəticə hesab etdiyini gizlətməyib.
“Oyuna yaxşı hazırlaşmışdıq. Hər oyunda olduğu kimi, bu dəfə də əlimizdən gələnin yaxşısını edib maksimum nəticə qazanmağa çalışdıq.
“Qəbələ” güclü futbolçulardan təşkil olunmuş oturuşmuş kollektivdir. Ötən mövsüm avrokuboklara vəsiqə qazanmaları güclərindən xəbər verir.
Qalib gəlmək üçün əlimizdən gələni etdik. Lakin qol vura bilmədik. Fikrimcə, matçın ədalətli nəticəsi elə heç-heçə idi”.
Bu heç-heçədən sonra “Turan Tovuz” xalların sayını 17-yə yüksəldib və 6-cı pillədəki mövqeyini qoruyub. “Qəbələ” isə 25 xalla 5-cidir.
HƏBİB

