“Hədsiz narazıyam, pulumuz yoxdur” – Prezident AFFA-nın qərarına "ÜSYAN ETDİ": VİDEOLAR

24 Dekabr 2022 21:00 Turan 1 065
“Hədsiz narazıyam, pulumuz yoxdur” – Prezident AFFA-nın qərarına "ÜSYAN ETDİ": VİDEOLAR

AFFA İntizam Komitəsi "Turan Tovuz" və "Kəpəz" arasında keçirilmiş Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundakı hadisələrə hüquqi qiymət verib.

Sportinfo.az xəbər verir ki, Tovuz təmsilçisinin qapıçısı Tərlan Əhmədli ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırıldığı üçün bir oyunluq cəzalanıb, klub 200 manat məbləğində cərimələnib.

Azarkeşlər matçın rəsmi şəxslərinin ünvanına təhqiramiz ifadələr işlətdiyi üçün meydan sahibləri 4000 manat ziyana düşüb.

"Turan Tovuz" meydana kənar əşyaların atılmasına görə 1600 manat ödəcəyək. Bundan əlavə, klub bəzi kənar şəxslərin meydana girməsi səbəbindən 1600 manatından keçməli olacaq.

Tovuz təmsilçisi pirotexniki vasitələrdən istifadəyə görə isə 800 manat məbləğində cəriməyə məruz qalıb.

Göründüyü kimi, dekabrın 20-də baş tutmuş qərb derbisinə görə meydan sahibi komanda külli miqdarda – 8200 manat cərimə ödəməlidir. Bu isə qəpiyi qəpiyin üstünə qoymaqla dolanan klub üçün kifayət qədər ciddi məbləğ sayılmalıdır.

“Turan Tovuz”un prezidenti Oqtay Abdullayev Sportinfo.az-a açıqlamasında qərarla razılaşmadığını bildirib. Bunun üçünsə İntizam Komitəsində əyləşənlər üçün düşündürücü məqama toxunub:

“Qərarlarla tanışam. Və hədsiz narazı olduğumu deyə bilərəm. Azarkeş tribunada qışqırır, söyüş söyür, yaxud meydana daxil olmaq istəyir və qarşısı alınır.

Buna görə klub niyə cərimələnməlidir? Klubun öhdəliyi nədir? Asayişin qorunması üçün oyuna polisləri cəlb etmək.

Biz də hər dəfə ev oyununda polisləri cəlb edirik, təhlükəsizlik yüksək səviyyədə qorunur. “Şamaxı”ya uduzmuşduq, azarkeşlər öz komandamıza narazılıq etmişdi.

Niyə bu cür səs-küy olmadı? Çünki rəqib tərəfdən qıcıqlandırıcı mesaj gəlmədi. Bu dəfə “Kəpəz”in futbolçusu dəmirə təpik vurub, nə bilim, jest edib, azarkeşlər də narazılıq edib, etik çərçivəni aşıb.

Polis olmasaydı, yaxud müdaxilə etməsəydi, hə, onda bizi cərimələyərdilər ki, təhlükəsizliyə riayət olunmayıb. Burada söhbət azarkeşlərin rəqib futbolçuların hərəkətinə qıcıqlanaraq hay-küy salmasından gedir.

Belə çıxır ki, kimsə əlindəki meydana atıb qaçacaq, klub da buna görə cərimə ödəyəcək? Etirazım təkcə “Turan Tovuz”a görə deyil.

Digər klubları da düşünərək danışıram. Azarkeşlərin kimisə söyməsinə görə klub cəzalanır. Meydana yad əşya atılır, klub cəzalanır. Pirotexniki maddə yandırılır, klub cəzalanır. Şəxsən bunu doğru hesab etmirəm.

Onsuz da pulumuz yoxdur. Klubu ayrılan pulla güc-bəla ilə saxlayırıq. Buradan da gətirib 8 min cərimə kəsirlər”.

HƏBİB

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti