«Mən heç kimdən inciməmişəm və klubla bağlı öz üzərimə düşən işi görürəm».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Turan Tovuz»un Müşahidə Şurasının (MŞ) üzvü Vidadi Əhmədov deyib.
«Turan»ın yaradıcısı və prezidenti kimi Tovuz futbolunun tarixinə keçən iş adamı MŞ-da fəaliyyətini davam etdirdiyini söyləyib:
«Mənim icra başçısı Məmməd Məmmədovla münasibətlərim çox yaxşıdır. Başçıdan həmişə özümə hörmət və diqqət görmüşəm.
Açığını deyim ki, AFFA «Turan Tovuz»u Premyer Liqaya qaytarandan sonra o, kluba rəhbərlik etməyi ilk olaraq mənə təklif edib.
Görüşüb bu haqda danışmışıq, mənim fikrimi soruşub. Deyib ki, Tovuz futbolunda əziyyətin çox olub, gəl, klubu yepnə idarə elə.
Məmməd müəllimə minnətdarlığımı bildirdim, dedim ki, mənim əvvəlki imkanım yoxdur, vaxtım azdır, «Turan Tovuz»a o cür diqqət və vaxt ayıra bilməyəcəm, amma əlimdən nə gəlirsə, edəcəm.
Başçı soruşub ki, klubu yenidən təşkilatlandırmaq lazımdır, fikrin nədir, kimləri çıxaraq, kimləri saxlayaq.
Mən də söylədim ki, hamı qalıb işini davam etdirməlidir, çünki bu illərdə klub üçün çalışıblar, əgər kiminsə səhvi olarsa, onun məsələsinə sonra baxarıq.
Mən düzünü demişəm. Neçə ildir futboldan uzaq idim, işin içində deyildim, necə deyə bilərəm ki, filankəs pis işləyir? Vaxt vermək lazımdır.
İnanmağa çətinlik çəkirəm ki, «Turan»da bir nəfər məndən narazı olsun. AFFA-nın klub üçün təşkil elədiyi yardım aksiyasında hamıdan çox pikseli mən almışam.
Neçə dəfə olub, nəqd pul vermişəm. Azarkeşlər Bakıya gəlib, onların xərcini ödəmişəm. Komanda nə vaxt Bakıya gəlib, gedib oyunlarına baxmışam, dəstək olmuşam, yola salmışam.
Bunların hamısı puldur. Bir neçə gün qabaq da şəxsən klubun prezidenti Oqtay Abdullayevlə görüşmüşəm, ona 10 min manat vermişəm.
Yadımdadır, təqribən 8-9 ay əvvəl jurnalist sual vermişdi ki, AFFA «Turan»ı Premyer Liqaya qaytarsa, kluba necə dəstək ola bilərsiz?
Demişdim ki, gücüm hər il 10 min manatlıq kömək etməyə çatar. Bu sözü delim və sözümün üstündə də dayandım.
Yenə də əlimdən gələn nə olsa, «Turan»a dəstəyəm».

