Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunlarının kifayət qədər maraqlı və gərgin alındığını deməliyik.
Qalib adına əsas namizədlərdən ikisi – “Qarabağ”la “Sabah” mübarizəni erkən dayandırdı, “Neftçi” isə çətinliklə növbəti mərhələyə düşdü.
Gərginliyi ilə fərqlənən qarşılaşma isə Tovuzda keçirildi. Yerli komanda səfərdə 2:1 hesabı ilə udduğu “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirdi.
İlk hissədə ard-arda vurulan qollar oyunun 2:2 hesabı ilə tamamlanması ilə nəticələndi ki, matçın son saniyələrində həyəcan ən yüksək həddə çatdı.
“Turan Tovuz”un cərimə meydançasında Sadiq Quliyevlə Mate Kvirkviya arasındakı mübarizənin ardınca baş hakim Rəvan Həmzəzadə VAR-a baxmağa yollandı.
Epizodu bir neçə dəfə gözdən keçirən təcrübəli referi davam qərarı verməklə oyundakı hərarəti bir qədər də artırdı.
Matç başa çatandan sonra gəncəli azarkeşlər haqlı penaltinin verilmədiyini deyir, Rəvanın “Turan Tovuz”u yarımfinala daşıdığını iddia edirdi. Hətta indiyə qədər sosial şəbəkələrdə həmin anın müzakirəsi davam edir.
Meydan sahiblərinin qapıçısı Tərlan Əhmədli Sportinfo.az-a açıqlamasında şübhəli epizodla bağlı qısa açıqlama verib:
“Epizod gözlərimin qarşısında baş verdi. Sadiqin niyyəti topu uzaqlaşdırmaq idi və həmin niyyətlə ayağını topa tərəf aparıb topu uzaqlaşdırdı. Həmin an rəqib futbolçu özünü Sadiqə çırpdı ki, hakimi yanıltsın.
Bir də ki, topu cərimə meydançasına havalandırılanda “Kəpəz”in futbolçusu onu qolu ilə arxaya ötürmüşdü. Sadiqlə gürcü futbolçunun mübarizəsindən əvvəl top digər gürcü futbolçunun əlinə dəymişdi.
Hakim VAR-da bir neçə dəfə təkrara baxandan sonra doğru və haqlı qərar verdi. Penalti olsaydı, göstərəcəkdi”.
“Turan Tovuz” “Kəpəz” səddini adlamaqla yarımfinalda “Neftçi”yə rəqib olub.
HƏBİB

