"Arxaya yox, qabağa baxırıq" - "Sumqayıt"ın kapitanı

27 Noyabr 2020 11:40 Sumqayıt 486
"Arxaya yox, qabağa baxırıq" - "Sumqayıt"ın kapitanı

"Sumqayıt"ın kapitanı Vurğun Hüseynov Sportinfo.az-a müsahibə verib.

- "Qarabağ"la son oyunda zədələnərək meydanı vaxtından əvvəl tərk etməli oldun. Hazırda durumun necədir?

- Bəli, "Qarabağ"la oyunda zədə aldım. Sümüyüm möhkəm əzilimişdi, həm də sinir ağrısı vardı. Bir neçə gün istirahət verildi. Artıq məşqlərə başlamışam. Hər şey yaxşıdır. İnşallah, "Qəbələ" ilə oyunda meydana çıxmağa hazıram.

- Son tura kimi lider idiniz. Ardıcıl iki məğlubiyyət "Sumqayıt"ı 4-cü pilləyə kimi apardı. Hər şey yolunda gedirdi. Bəs bir andaca nə baş verdi?

- Heç nə olmayıb. Komanda olaraq durumumuz yaxşıdır. İstəyərdik ki, bu oyunlarda yaxşı nəticələr qazanaq, amma məğlub olduq. Futboldu belə şeylər hər bir komandanın başına gələn şeylərdi. Arxaya yox, qabağa baxırıq. Səhvlərimizdən nəticə çıxarıb, yaxşı nəticələr qazanacağıq inşallah.

- Ardıcıl olaraq məğlub olmağın komandaya psixoloji olaraq mənfi təsiri ola bilərmi?

- Təbii ki, ardıcıl məğlubiyyətlər hər bir komandaya pis təsir edir. Önəmlisi odur ki, yaxşı komanda, yaxşı kollektiv belə oyunlardan sonra bilinir. Olanları unudub qarşıdakı oyunlarda yaxşı nəticələr qazanacağıq.

- Qarşıdan "Qəbələ" ilə oyun gəlir. Düşünmürsən ki, növbəti məğlubiyyətdən sonra "Sumqayıt"ın özünə gəlməsi çətin olacaq?

- "Qəbələ"nin turnir cədvəlindəki mövqeyi onun gücünü əksr etdirmir. Həqiqətən yaxşı komandadır. Səviyyəli futbolçuları var. Hər oyunda 5-6 100%-lik epizodlar yarada bilirlər. Çətin oyun olacaq. Biz də bu görüşə ciddi hazırlaşırıq. Evdə oynayırıq, çalışacağıq yaxşı nəticə qazanaq.

- Vurğun, əksəriyyət düşünür ki, bu heyətlə sona kimi mübarizə aparmaq "Sumqayıt" üçün çətin olacaq. Kapitan kimi yeni qüvvəyə ehtiyac olduğunu düşünürsənmi?

- Bu heyətlə bu yerə kimi gəlmişik, bu heyətlə də davam edəcəyik. İkinci dövrə bitənə kimi canla-başla mübarizə aparacağıq ki, yaxşı yerlərdə olaq. Yeni qüvvəyə qalanda isə qış "transfer pəncərəsi"ndə baş məşqçimizin istəyi əsasında lazım olan mövqelərə futbolçular alına bilər.

Xanoğlan İmanov

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!