"Mənim heç bir oyunda qorxum olmur" - ÖZÜNÜ SINDIRMADI

22 Noyabr 2020 14:00 Sumqayıt 565
"Mənim heç bir oyunda qorxum olmur" - ÖZÜNÜ SINDIRMADI

Sportinfo.az xəbər verir ki, “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu (1:6) şərh edib.

- "Qarabağ"ı Ağdamın qayıtması üçün təbrik edirəm. Bütün azərbaycanlılar və ağdamlılar üçün bayramdır. Oyuna gəldikdə, millidə futbolçularımız var idi. Onlar yalnız son 2 gündə bizimlə oldular. Heyətimiz geniş olsaydı, yorğun futbolçulara istirahət vermək olardı. "Qarabağ"ın gücü bəllidir, səhvi bağışlamırlar. Belə məğlubiyyəti istəməzdik. Zədələr də çoxalır, qış fasiləsinə qədər bacardığımız qədər çox xal yığarıq.

- Mehdi Cənnətovun start heyətdə olması təəccübləndirdi...

- Mehdini qapıda görmək təəccüblü deyil. O, bizim əsas qapıçımızdır. Bu gün tək o yox, bütün komanda pis oynadı.

- Bu məğlubiyyəti arxayınlıqla əlaqələndirə bilərsiz?

- Yox, bir az diqqət pozuntusu oldu. Standard vəziyyətdən iki top buraxdıq. Futbolçuların arxayınlaşmasına inanmıram, çünki buna səbəb yoxdur. Çempionatda gərgin mübarizə var. Bu gün bizim günümüz deyildi. İki müdafiəçimizi itirdik. Ot örtüyü pis vəziyyətdə idi, iki qapının da önü pis gündə idi.

- Rəhbərlikdən azad agent bir futbolçu gətirməklə bağlı danışığınız olub?

- Mən bunu mövsümün əvvəlində də demişdim. Biz bu riski alıb, çempionata başladıq. Büdcəmizə uyğun heyət qurmuşuq. Rəhbərliyə bu haqda nəsə deyə bilmərəm. Hazırda yaxşı azad agent statuslu hücumçu yoxdur, rastımıza çıxmayıb. Əli Qurbaninin yoxluğu bizim üçün böyük itkidir.

- 6 top buraxmağınız ağlınıza gələrdi?

- Mənim heç bir oyunda qorxum olmur. Rəqibin gücü, futbolçularının səviyyəsi bəllidir. Məğlub olmaq istəməzdik, amma "Qarabağ"la "Sumqayıt"ı da müqayisə etmək düz olmaz. Biz indi "Qarabağ", "Neftçi" kimi komandalarla çempionatda yaxşı mübarizə aparırıq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"