"Heç kim deyə bilməz ki, "Sumqayıt"ın gücü tükənib"

17 Noyabr 2020 16:00 Sumqayıt 534
"Heç kim deyə bilməz ki, "Sumqayıt"ın gücü tükənib"

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Sportinfo.az-a müsahibə verib.

- Milli komandaların oyunları ilə bağlı yaranmış fasilə "Sumqayıt" üçün necə keçir?

- Millinin toplanışına görə fasilədir. Biz də çalışdıq ki, bu müddəti səmərəli keçirək. Həftənin sonu "Səbail"lə oyunla başa çatdı. Bu görüşdə az şans qazanan, akademiyadan gələn gənc futbolçularımıza şans verdik. İmkan qədər onlara da nəzarət edirik. Fürsət düşdükcə çalışırıq ki, gənc futbolçular əsas komandanın abu-havasını hiss etsinlər. 17 yaşlı futbolçu üçün Premyer Liqa klubuna qarşı meydana çıxmaq gələcəkləri baxımından önəmlidir. Ümumi olaraq oyun da normal keçdi. İstədiklərimizi ala bildik. Düzdü, məğlub olduq, amma əsas istəyimiz həftəni oyuna baş çatdırmaq və "Qarabağ"la qarşıdakı oyuna hazırlaşmaq idi.

- Akademiyadan dəvət edib, şans verdiyiniz gənc futbolçulardan danışdınız. Aralarında qarşıdakı turlar əsas komandada görə biləcəyimiz kimlərsə ola bilər?

- Bəli, aralarında elələri var. Amma bu gün o futbolçular Premyer Liqa görüşlərində şans qazanmaq üçün hələ çox çalışmalıdılar. Bizimlə məşqlərdə olan və mütəmadi olaraq əvəzedicilərdə oyunlara çıxan uşaqlar var ki, gələcəkdə şans vermək ehtimalım var. Bundan sonrakı dönəmdə o gənclər məşqlərdə daha məsuliyyətli olub və daha çox çalışmaqla şans qazana bilərlər.

- Komanda ölkə çempionatının son turunda və indi də yoxlama görüşündə meydanı məğlub tərk etdi. Hazırkı mövsüm daxili yarışlarda "Sumqayıt" üçün ilk belə hal yaşanır - ardıcıl iki məğlubiyyət. Düşünmək olar ki, artıq komanda tükənir?

- Hazırkı çempionat elədir ki, ardıcıl üç tur uduza bilərsən və növbəti görüş qələbə qazanarsan. Xal fərqi də elədir ki, bir oyun udub üst sıralara qalxa bilirsənsə, bir məğlubiyyətlə də aşağı pillələrə düşərsən. Gücümüzün tükənməyi ilə razı deyiləm. Bu yöndə işlər gedir. Düzdü, itkilərimiz var. Bəzi futbolçular biznən deyil. Bu bizi narahat edir. Bəli, bunların təsiri var. Amma komanda hər oyuna istəkli və mübariz çıxır. Son oyunda "Səbail"ə məğlub olanda belə futbolçular sona kimi vuruşdular. Heç kim deyə bilməz ki, "Sumqayıt"ın gücü tükənib. Sadəcə bu futboldu, bəzən hesab ürəyin istədiyi kimi olmaya bilər.

- İtkilərlər bağlı danışmışkən, Əli Qurbaninin durumu nə yerdədi?

- Onun üzərində işləyirik. Həkimlərin nəzarətindədir. Çox ağır zədə idi. Çempionatın gərgin dönəmində bu zədəni aldı. Çalışırıq ki, tez bir zamanda qayıtsın və bizə kömək etsin. Ümid var ki, qarşıdakı oyunlarda meydana çıxsın.

- Əli Qurbanisiz komandanın hücumda sıxıntı yaşadığı açıq-aşkar hiss olunurdu. Bununla bağlı alternativ nəsə düşünmüsünüz?

- Bunu tək Qurbani ilə əlaqələndirməzdim. Son görüşlərdə qol epizodlarımız da oldu. Amma təbii ki, sırf hücumçu olmamağı problemdir. Bəlkə də indi digər bir hücumçumuz olsaydı bu qədər əziyyət çəkməzdik. Rəqiblərə görə nələrsə fikirləşirik. Əli sağalana kimi başqa alternativ variantlardan istifadə edəcəyik.

Digər Xəbərlər
Xəbər Lenti