"Yolda olanda atam dünyasını dəyişdi, anam indi də üstümdə əsir”

13 Noyabr 2020 11:00 Sumqayıt 941
"Yolda olanda atam dünyasını dəyişdi, anam indi də üstümdə əsir”

Sportinfo.az xəbər verir ki, lent.az-ın “Taym-aut” rubrikasının budəfəki qonağı “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovdur.

“Xəzri”nin yetirməsi, “Qarabağ”, “İnter” (indiki “Keşlə”), “Turan” və “Şəfa” klublarının sabiq futbolçusu həyat hekayəsini danışaraq maraqlı məqamlara toxunub...

“Valideynlərim 3-4 ayla maaş ala bilmirdilər”

“Ailədə 2 uşaq olmuşuq: 1 qardaş, 1 bacı. Mən evin ilk övladıyam. Atam və anam riyaziyyat müəllimi olublar, məktəbdə dərs deyiblər. Ümumi götürsək, atam tərəfin hamısı ali təhsilli olub, müəllim, həkim və başqa peşə sahibi kimi fəaliyyət göstərib. Bakıya 1987-ci ildə gəlmişik. Buzovnada böyümüşəm, uşaqlıq illərim orda keçib. Sovet hakimiyyəti yeni dağılırdı, yaşayış çox çətin idi. Yadımdadır ki, valideynlərim məktəbdə işləməklərinə baxmayaraq, 3-4 aylarla maaş ala bilmirdilər. Ailənin dolanışığı üçün ticarətlə də məşğul olurdular. Dəcəl uşaq idim. 9-10-cu sinifədək hamı məndən şikayət edib. Valideynlərim Buzovnada mənə görə utanırdılar, deyirdilər bəsdir. Çox mübahisələrim, davalarım olurdu, ancaq sonra düzəldim”.

“Əmilərim, dayılarım yığışıb...”

“Məktəbdə 7-ci sinifə kimi çox yaxşı oxuyurdum. 7-ci sinifdən sonra futbolda məşqlərim çoxaldı, bu da dərslərimə problem yaratdı. Yeri gəlmişkən, futbola 3-cü sinifdə yazılmışam. Səhər məşqə, günorta məktəbə gedirdim. Dərsdən sonra isə məhəllədə futbol oynayırdıq. Nəslimizdə hamı “Neftçi” aşiqi idi. “Neftçi”nin oyunu olanda əmilərim, dayılarım yığışıb, bir yerdə baxırdılar. 1987-1988-ci illər idi. “Neftçi” Bakıda “Nistru” ilə qarşılaşırdı. İlk dəfə onda stadionda olmuşam. Atam aparmışdı məni, “Neftçi” 1:0 hesabı ilə qalib gəlmişdi. Biletlərimizi atamın dostu almışdı”.

“Gecə saat 1-də evə çatırdıq”

“Binamızın 2-ci mərtəbəsində mənimlə eyni yaşda oğlan qalırdı. Dedi ki, Ayxan, sən yaxşı oynayırsan, mən futbola gedirəm, gəl birlikdə gedək. Evdə dedim. Düzdür, bir az narazılıq oldu, amma yazıldım. Sonra qonşum futboldan çıxdı, mən qaldım. Beləcə, futbol həyatım başladı. 1994-1995-ci ildə Buzovnada mənim yaş qrupum üzrə komanda dağıldı, şəhərə - FŞM-ə gəldim. Bakı çempionu olduq, ordan milliyə düşdüm. Buzovna uşaqlarından Aftandil Hacıyevlə mən eyni komandaya düşmüşdük. Amma bizə çox çətin idi. O vaxt marşrutlar indiki qədər deyildi, şəhərə “elektriçka” ilə gəlirdik. Demək olar ki, gecə saat 1-də evə çatırdıq. Amma dözürdük, çünki məqsədimiz var idi: futbolçu olmaq, ailəmizi çətin durumdan çıxartmaq. Hiss edirdik ki, başqa çıxış yolumuz yoxdur”.

“Deyirdilər, bizim nəsildən də futbolçu çıxsın”

“Mən futbola gedəndə qohumlarımızdan dəstək görmüşəm. Hər kəs deyirdi ki, bizim nəsildən də futbolçu çıxsın. Bildirirdilər ki, həkim, müəllim, yazıçımız var, təkcə futbolçumuz yoxdur. Nəslimiz mehriban nəsildir. Yadımdadır, gənclər milli komandasının heyətində Gəncədə Gürcüstana qarşı oynayırdıq. Orda yaşayan bütün qohumlarımız stadiona gəlmişdilər. Uşaqlar mənə deyirdilər ki, Gəncədə nə qədər azarkeşin var imiş?!”

“Söz tapa bilmədi, məcbur olub “5” yazdı”

“9-cu sinifdə oxuyanda futbol turnirlərinə gedirdim. Bu səbəbdən hətta 1 ay dərsləri buraxırdım. Mənim yaxşı müəllimlərim olublar, dəstəkləyiblər. Amma bir riyaziyyat müəllimim var idi, prinsipə düşüb “2” yazmışdı. Getdim yanına. Sinif rəhbərimiz də bildirdi ki, Ayxana “2” yazmaq olmaz, o, bizim fəxrimizdir. Mübahisəmiz oldu. Onda söz verdim ki, mən hazırlaşacam, son 2 rübdə riyaziyyatdan “5” alacam. Heç kim inanmamışdı. Atam gecə-gündüz hazırlaşdırdı. Müəllim məni çox sıxırdı. Ev tapşırığını göstərirdim, deyirdi ki, özün yazmamısan, atan yazıb. Mən hətta 3 dərs sonraya hazırlaşırdım. Bir gün belə bir şey oldu. Sinifdə ən yaxşı oxuyan uşağa tapşırıq verdi, o yaza bilmədi. Sual verdi ki, kim tapşırığı edə bilər? Ona qədər mənə “3”, “4” yazırdı və hər dəfə tapşırığı özümün etmədiyimi bildirirdi. Dedim mən edə bilərəm. Çıxdım lövhəyə və həmin tapşırığı düzgün yerinə yetirdim. Hər dəfə mənə “köçürmüsən” deyən adam bu dəfə söz tapa bilmədi, məcbur olub “5” yazdı. Müəllimdən soruşdum ki, deyirdiniz quyunun dibindəsən, çıxa bilməzsən, çıxa bildim? Qayıtdı ki, hə, amma kəndiri atdılar sənə, çıxdın. Uşaqlıqdan prinsipial olmuşam”.

“Yaxın qohumumun toyuna belə getmirdim”

“Sinif yoldaşlarımla indi də əlaqə saxlayıram. Buzovnada olanda çoxunu görürəm. Bir neçə il əvvəl uşaqlarla birlikdə ibtidai sinif müəlliməmiz olan Roza xanıma baş çəkdik. Etiraf edim ki, dərsdən qaçdığım vaxtlar da olub, amma onu futbola görə etmişəm. Bəlkə də futbol olmasaydı, əlaçı olardım. Futbola görə hər şeydən keçirdim - ən yaxın qohumumun toyuna belə getmirdim. Ona görə çox şeyi qurban vermişəm”.

“Elektriçka”da “peraşki” yeyəndə...”

“FŞM-də oynayanda şəhərə gedib-gəlmək çox çətin idi. Valideynlərim bunun üçün günlük artıq pul verirdilər. Axşam qayıdanda “elektriçka”da “peraşki” satırdılar, onu yeyəndə özümdə güc hiss edirdim. “Xəzri”də məni əvəzedici komandadan əsas komandaya ilk dəfə 1996-cı ildə Rəşid Özbəyov götürdü - oyunçu çatmadığı üçün. Görüşün sonuna 15 dəqiqə qalmış meydana çıxdım. Bu, mənim üçün xəyal idi. Ümumiyyətlə, akademiyadan çıxan uşaq kimi həmişə “Xəzri”nin əsas komandasında oynamağı arzulayırdım. Arzuma çatdım”.

“Hamı soruşurdu ki, bunu hardan almısan?”

“İlk qazancım “Xəzri”də oldu. Oyuna çıxdıq, qalib gəldik. Klubun prezidenti var idi - Malik müəllim. Artıq dünyasını dəyişib, Allah ona rəhmət etsin. Klubun öz yetirməsi olduğumuz, millidə oynadığımız üçün mən və Aftandillə fəxr edirdi. Komandaya 100 dollar “premiya” verdi. Onda 15-16 yaşım olardı. İki ay sonra U-16-nın heyətində Türkiyəyə yarışa getdik. Həmin pulla ordan özümə ayaqqabı və kaşimir palto aldım. O paltolar təzə çıxmışdı. Məktəbdə hamı soruşurdu ki, bunu hardan almısan? Pulun qalanını isə evə xərcləmişdim. Ondan sonra yavaş-yavaş maaş almağa başladım. U-18 komandasında çıxış edəndə federasiyanın prezidenti Fuad Musayev Sumqayıt və Buzovna uşaqlarının yol pullarını verirdi. Milli komandaların heyətində olanda “sutoçnu” (ezamiyyət pulu) alırdıq”.

“Otaqda tək idim, gözlərim doldu”

“2007-ci ildə ailə həyatı qurdum. Həmin vaxt “İnter”də oynayırdım. Valideynlərimin məsləhəti və öz seçimimlə evləndim. İdmançı üçün tez evlənmək üstünlükdür. Çünki subaylıq tam başqa ab-havadır. Ailə həyatı qurandan sonra adamın məsuliyyəti artır. 4 qızım var. İlk övladımızı gözləyəndə “MKT-Araz”la yeni müqavilə bağlamışdım. Komanda təlim-məşq toplanışında idi, UEFA Kubokuna hazırlaşırdıq. Klubdan 1 həftəlik icazə istədim, sağ olsunlar, izn verdilər. Elə oldu ki, uşağın dünyaya gəlməsi bir qədər yubandı. Mənə dedilər ki, məşqə başlamalısan, məcburən Qəbələyə getdim. Ora gedəndən 2 gün sonra qızım dünyaya gəldi. Uşağı xəstəxanadan çıxaranda da Bakıda olmadım. “Nokia” telefonu ilə şəklini çəkib mənə atmışdılar, həmin fotonu indi də saxlayıram. Otaqda tək idim, şəklə baxanda gözlərim doldu. Tam başqa hiss idi... 3-4 gün sonra birinci təlim-məşq toplanışımız bitdi, qayıtdım Bakıya. Övladımı 4 gündən sonra gördüm”.

“Övladlarıma sevgim eynidir”

“İlk 2 qızımın uşaqlıq illərində yanlarında çox ola bilməmişəm, çünki futbolçu idim. Qız uşaqları ataya bağlı olurlar. Onlara daha çox anaları baxsa da, qızların çoxu ilk dəfə dil açanda “ata” sözünü deyir. Bu, Allah tərəfindən onlara verilən hissdir. Qohum-əqrəba mənə deyirdi ki, yəqin evdə çox olursan deyə, səni belə istəyirlər. Uşaqların sevilməli, şirin vaxtları var. Böyüdükcə də sevgi ölmür, övlad sevgisi həmişə insanın qəlbində qalır. Amma 2 yaşındakı qızınla etdiyin hərəkəti 13-15 yaşı olanda edə bilmirsən. Fərq ancaq bundadır. Hər 4 övladıma sevgim eynidir. Tərbiyələri ilə anaları məşğuldur. Evdə bir qayda-qanun olmalı, böyük-kiçik yeri bilinməlidir. Uşaqları elə öyrədirik ki, nələr olar, nələr olmaz, özləri qərar verə bilsinlər”.

“Pulu düzgün xərcləməlisən”

“Heç vaxt bədxərclik etməmişəm. Xəyallarım olub. Allaha şükür, onları gerçəkləşdirə bilmişəm. Allah hər kəsə öz ruzisini verir. İlk növbədə istəmişəm ki, ailəmi normal yaşada bilim, bu, vacibdir. Əziyyətlə qazandığın pulu halal, düzgün xərcləməlisən. Futbolçu vaxtı qazandığımdan gələcəyim üçün nəsə edə bilmişəm. Qazandığım pulun miqdarını fikirləşsəm, məncə, normal iş görmüşəm. Sevinirəm ki, yan-yörəm, böyüklərim yaxşı olub, məni düzgün başa salıblar”.

“Mənə əlavə pul verdi ki, get, maşın al”

“Mənim vaxtımda əksər futbolçular pul qazanan kimi birinci maşın alırdılar. Mən isə elə etmədim. İlk “podyomnu”nu “Turan”da aldım. Ona qədər futbolda böyük pullar yox idi, amma dolana bilirdik. “Şəfa”da 300 dollar maaş və “premiya” alırdıq. Bu, gənc futbolçu üçün az deyildi. 2004-cü ildə “Turan”la müqavilə bağlayandan sonra isə hazırda yaşadığım mənzili təmir etdirdim, genişləndirdim. Qarşıma ailə qurmaq məqsədi qoymuşdum. “Turan”da 6-7 ay oynayandan sonra klubun prezidenti Tahir Yusifov məni yanına çağırdı. “Neftçi”ni Tovuzda 1:0 hesabı ilə udmuşduq. Soruşdu ki, maşının yoxdur? Dedim yoxdur. Müqavilədən əlavə mənə pul verdi ki, get, maşın al. “Mercedes 190” aldım, 6 ay sürəndən sonra maşını dəyişdim. İdmançı yaxşı, amma düzgün yaşamağa layiqdir”.

“Pis günümüzdə bir-birimizə dayaq olmuşuq”

“Allaha şükür edirəm ki, qarşıma istədiyim adamlar çıxarıb. Yaxşı dostlar qazanmışam. Əlbəttə, güvəndiyim, ancaq etibarımı doğrultmayanlar da olub. Amma ona görə də şükür etmişəm, çünki vaxtında necə insan olduqlarını anlamışam. Əsl dostlarımla birlikdə yoxsulluq görmüşük, pis günümüzdə, ailəmizdə problem olanda bir-birimizə dayaq olmuşuq. Uğur, yaxşı pul qazananda da bir-birimizi itirməmişik. Sübuta yetirmişik ki, bizim bağlılığımız nəyəsə görə deyil. Doğma qardaşım olmasa da, çoxlu qardaşlarım var”.

“Heç nəyə görə peşman deyiləm”

“Kiçik şeylərdən incimirəm, kinli deyiləm. Xətrimə dəyən çox şeyə göz yummuşam, yaxın insanlara güzəştə getmişəm. Arxadan zərbə vuranları isə bağışlaya bilmirəm. Elə insanlar yaxınlaşmaq istəyəndə özümü narahat hiss edirəm. Biləndə ki, kimsə məndən nəyəsə görə istifadə edir, pis oluram. Elə insanlardan uzaqlaşıram. Həyatda heç nəyə görə peşman deyiləm. Həmişə belə ideyada olmuşam ki, həmin an düzgün qərar vermişəm. Hər işdə bir xeyir var. Bu həyat mübarizədir, məğlub da olursan, qalib də gəlirsən. Şükür Allaha, həyatımda elə böyük səhvlərim olmayıb”.

“Yolda olanda atam dünyasını dəyişdi”

“Atam 2012-ci ildə dünyasını dəyişib, anam isə sağdır. Mənim üçün həyatda ən birinci məsələ odur ki, valideyn övladından razı olsun. Valideyn övladından narazıdırsa, o övlad heç vaxt xeyir tapa bilməz. Atam xəstə olanda bacardığımı etdim. 10 il müalicə aldı. “Turan”ın futbolçusuydum, oyunumuz olmalıydı. Evdən çıxanda atamın vəziyyəti yaxşı idi. Amma o oyunu keçirə bilmədim. Zəng gəldi ki, vəziyyəti pisdir, qayıt. Yolda olanda atam dünyasını dəyişdi. Canını tapşıranda yanında ola bilmədim, ona pis oldum. Özü də istəmirdi daim yanında olmağımı, deyirdi get işini gör, yaxşıyam. Atamın yoxluğuna alışmaq çox çətin oldu. Səfərlərdən qayıdanda məni qarşılamasına, hər gün zəng edib hal-əhval tutmasına öyrəşmişdim. Birdən-birə bunlardan məhrum olmaq adama çox pis təsir edir. Amma insanıq, nə qədər darıxsaq da, öyrəşirik. Doğmalarımıza görə ayaq üstə qalmağa məcburuq”.

“Anam indinin özündə də üstümdə əsir”

“Anam bizimlə birgə qalır. Çalışıram ki, məndən narazı olmasın. Ananın övlada sevgisi tam başqadır. Nələr etsəm də, valideynlərin haqqını verə bilmərəm. Hər ikisi böyüməyimizdə çox əziyyət çəkib. Anam indinin özündə də üstümdə əsir. Oyunumuz olanda televizor qarşısında əyləşib ailəliklə azarkeşlik edirlər. O qədər həyəcanlı olurlar ki, görüşün sonuna baxa bilmirlər. Evə gec gələndə, rayonda, səfərdə olanda anam mənə görə narahatlıq keçirir. Həmişə öyüd-nəsihət verir. Ailə ilə təbiət qoynuna getməyi, istirahət etməyi, dostlarla vaxt keçirməyi xoşlayıram. Bir də görürsən ki, darıxırsan, qohumları görmək istəyirsən. İşin yorğunluğunu belə çıxarıram”.

“Həmişə bundan qorxmuşam”

“Qorxum nədəndir? Allah bizdən üz döndərməsin. Allah insanın ağlını alanda o, hər səhvi edə bilər. Günahlar insanı uçuruma aparır. Həmişə bundan qorxmuşam. Bu dünya sınaq dünyasıdır, imtahandan üzüağ çıxmaq lazımdır. Allah insana seçim verir, o da öz yolunu seçir, nəyə can atırsa, ona doğru gedir. Həmişə dua edirəm ki, son nəfəsimizə qədər ağlımız başımızda olsun”.

“Ofisiant qabı irəli-geri çəkib, bizə gülürdü”

“1996-cı ildə U-16 millisinin heyətində İtaliyaya getmişdik. Baş məşqçimiz Nadir Qasımov idi. Həqiqətən də, çox potensiallı heyətimiz var idi. O uşaqların çoxu böyük futbol oynadı, hazırda məşqçi işləyir: Zaur Həşimov, Fərhad Vəliyev, Namiq Əliyev, Sənan Qurbanov, Aftandil Hacıyev və s. Hamımız kasıb idik. Xaricdə elə şeylərlə rastlaşırdıq ki, onların nə olduğunu bilmirdik. Oteldə yeməkdən sonra masaya kivi, qreypfrut, banan və s. meyvələr qoyulurdu. Çoxunun nə olduğunu bilmirdik, üstündə “qırğın gedirdi”. Hər meyvədən hər adama biri düşmürdü, amma hərəyə bir şey çatmalıydı. Ofisiant meyvə qabını masaya qoyanda kim cəld idisə, istədiyini götürürdü. Ofisiant da gülürdü, sonra meyvə qabını irəli, geri çəkməklə bizimlə zarafat edirdi. Axırıncı gün idi. Dedik ki, bu dəfə qabı qoyanda meyvə götürməyəcəyik. Ofisiant yenə eyni qaydada masaya yaxınlaşdı, qabı irəli, geri çəkdi... Baxdı ki, reaksiya yoxdur, başladı əl çalmağa. Fikirləşdi ki, yəqin bunlar düzəlib. Amma çox məzəli komandaydıq. Yenə eyni qaydada hərəmiz birini götürdük (gülür). Kivinin necə yeyildiyini bilmirdik və bu, normal idi. Axı o vaxt yaşayış indiki kimi deyildi. Xarici səfərlər gözümüzü açırdı”.

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!