"Neftçi" yarımcan "Sumqayıt"dan çəkindi, belə etdi

1 Noyabr 2020 17:00 Sumqayıt 639
"Neftçi" yarımcan "Sumqayıt"dan çəkindi, belə etdi

"Son iki oyunda formada olan komandaya qarşı oynayırdıq. Rəqibin bizi analiz etdiyini bilirdik.

Sevinirəm ki, rəqiblər bizimlə oyunlarda sistemlərini dəyişirlər, bizə qarşı əvvəlki kimi hazırlaşırlar.

İtkilərimiz var, əlimizdəki futbolçulara uyğun oyun qururuq. Hücumda kəsərli olmağa rəqib imkan vermədi. Ədalətli nəticə heç-heçə idi. Penaltini vura bilməmək üzücü oldu. Zədəlilərin sağalmasını gözləyərək, hazırlıqlara davam edəcəyik".

bunları "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov evdə "Neftçi" ilə qolsuz heç-heçə etdikləri Premyer Liqanın VIII tur matçından sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, komandasında penalti sindromunun olduğunu deməklə məsələni çox şişirdirlər: "Elvin Məmmədov səhv etmirəmsə, indiyədək heç bir penaltini qaçırmamışdı.

Penalti üzərində məşq edilməməsi fikri ilə razı deyiləm. Komandada penalti vuranlar olmalıdır, bizdə də belə oyunçular mövcuddur. Bu gün penaltini Rəhim Sadıxov da vura bilərdi, amma Elvin Məmmədov topa özünə inamla yaxınlaşdı. Hər bir komandada belə hallar mümkündür".

Abbasov bugünkü matçda ikinci hücumçusuz oynadıqlarını diqqətə çatdırıb: "Digər komandalar kimi əlimdə üç hücumçu, əlavə cinah oyunçuları yoxdur. Bu gün əlimizdə əlavə futbolçu yoxdursa, hücumçu problemi yaşayırıqsa, əlimizdəki heyətlə hazırlaşmağa çalışmalıyıq".

Baş məşqçi "Neftçi"nin 5 müdafiəçi sistemi ilə oynamasını rəqibin "Sumqayıt"dan çəkinməsi kimi dəyərləndirib. O, hücumların olmamasına rəğmən, orta xətdə yaxşı mübarizənin getdiyini söyləyib:

"Rəqibdən belə taktiki sxem gözləmirdim. Bu gün "Neftçi" ilə heç-heçə etmişik. Ona görə də tələsməməyi istəməyim normaldır".

Xəbər Lenti