"Sumqayıt" rəhbərliyi yola verir, Ayxan Abbasov yox!

25 Sentyabr 2020 10:52 Sumqayıt 1 304
"Sumqayıt" rəhbərliyi yola verir, Ayxan Abbasov yox!

Sumqayıtlılar tarixində ilk dəfə bu yay avrokuboklara vəsiqə əldə etmişdi.

Futbol şəhərində azarkeşlərin gözləntiləri çox idi.

"Sumqayıt" isə heç özü bilmədi, niyə Avropaya çıxmışdı, niyə belə həyəcansız geri döndü. Büdcə əskikliyi öz yerində, ancaq UEFA-dan gələcək gəlir bütün transferlərə artıqlaması ilə kifayət edəcəkdi.

Tur keçilsəydi, ikiqat artıq vəsait qazanılacaqdı. Püşkdə nə qədər bəxt gətirməsə də, "Sumqayıt" indiki durumunda olsaydı, rəqibi keçmək gücündə olardı.

Klub rəhbərliyi risk etmədi, "pul yoxdur" adıyla özünü sığortaladı. Qəbələdəki təlim-məşq toplanışından görünürdü ki, "Sumqayıt" avrokuboku yola verəcək. Belə yanaşma ilə Avropaya vəsiqə qazanılmasa, daha yaxşı olar.

Çempionatın ilk turları sumqayıtlılar üçün fiasko ilə nəticələnə bilərdi, əgər bir amil olmasayadı - Ayxan Abbasov faktoru. Baş məşqçi vaxtilə "Zirə"də etdiyi çılğınlığa yol vermədi, narazılıq etmədi, başını aşağı salıb, işini gördü.

Çox söz deyə bilərdi: ötənmövsümkü heyətin liderləri yox, klub rəhbərliyi transfer etmir, gecikir, maaşımızı, köhnə borclaarımızı ala bilmirik, Riad Rəfiyev qorxaqdır, sponsora sözünü deməyi bacarmır və s.

Birini də dilinə gətirmədi, susdu, dözdü, şikayətlənmədi, hər şeyi zamanın öhdəsinə buraxdı,

Millinin oyunları ilə bağlı fasilə Ayxan Abbasov üçün göydəndüşmə oldu. Komandanı sanki yenidən təlim-məşq toplanışına yığaraq, çempionatın hazırlığına başladı.

Əlinin altında keyfiyyətli futbolçuların olmamasına baxmayaraq, imkan daxilində müasir, sürətli, kollektiv oyuna söykənən baxımlı futbol oynadır. Baş məşqçinin düzgün oyun quruculuğu, taktiki gedişləri futbolçularda özünəinamı artırır.

Hətta "Neftçi"lə qarşılaşmada əsas oyun qurucusu Rəhim Sadıqovu ehtiyatda saxlaması, Abbasovun qorxmamazlığını, sığortalanmamasının göstəricisidir.

Kənardan adi gediş kimi görünsə də, komanda səfərdə «Neftçi»yə məğlub olsaydı, milli oyunçunun start heyətində olmamasını Ayxan Abbasova çox yada salacaqdılar. Bunu heyət kasadlığı olan məşqçi edir və çətin rəqib üzərində layiqli qələbə qazanır. Belə addımlar həmkarlara nümunədir.

"Səbail" nə qədər özündə olmasa da, "Sumqayıt" üçün görüş özünütəsdiq anı idi. Baş məşqçi rəqibləri öncədən oxumağı bacarır. Futbolçular hər oyuna son qarşılaşma kimi çıxır.

Bir qədər öndə olduqları halda, matçın sonluğunda komandanın sırf nəticəyə oynamasını, futbolçuların emosiyalarla önə atılmasına, yersiz top itkilərinə diqqət etmək lazımdır.

Növbəti turlarda bunun acısı yaşana bilər. Heyətdə nə qədər gənc futbolçular olsa da, "onurğa sütunu" möhkəmdir. Hər mövqedə təcrübəli futbolçu var.

Vurğun Hüseynov, Rəhim Sadıqov və yeni tapıntı Əli Qurbani oyunda tempi, nəzarəti əldə saxlamağı, gəncləri meydanda yönəltməyi bacarmalıdırlar.

Sonda komanda qol vura biləcəyi kimi, top da buraxıb 3 xalı əldən verə bilər. Bu matçda da belə hal yaşana bilərdi.

"Səbail" haqqında çox yazmağa dəyməz. AFFA-nın oyuncaq, qondarma, məqsəd və məramı bilinməyən, say düzəldən klublarından biridir. Federasiyanın nəzarətində olan "Səbail" ikinci komandasını ləğv edirsə, deyəcək söz qalmır.

Aftandil Hacıyevin durumuna acımamaq olmur. Kateqoriyalı işsiz məşqçilər cərgəsinə qoşulmamaq üçün yolunu davam edir. Amma özünü qorumaq da gərəkdir.

Belə vəziyyətdə perspektivli baş məşqçi potensialını xərcləyəcəksə, sabaha ümidi, özünə qarşı inamı da itirə bilər. Qalıb çalışırsa, toparlanmalı, durumdan asılı olmayaraq komandanın nəticələrində dönüş yaradılmalıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti