Məşqçinin siması komandasıdır.
Bütün cizgiləri ilə onun oyununda, nəticəsində əksini tapır.
Bu, iki vur ikidir. İkini ikiyə vuranda, üç etmir, beş də etmir. Dörddür ki, dörd.
«Sumqayıt» «Neftçi» səfərində dörd-dördlük futbol nümayiş etdirdi. Deyərdim ki, Ayxan Abbasov məşqçi libasını geyindikdən sonra ən çox «Neftçi»ni arzulayıb və gözü hər yerdə onları axtarıb.
«Zirə»də işləyəndə də belə olub, indi də belədir. Abbasov həminki ampluasındadır, bu illər ərzində isə «Neftçi» neçə-neçə məşqçi dəyişib. Və hamıısı bir yerdə onun «qırmağ»ına keçib. Demək ki, mənzərə Abbasovun dediyi kimidir: büdcə çox şeyi həll edjr, amma hər şeyi həll eləmir.
Büdcədən söz düşmüşkən, «Neftçi» «Sumqayıt»ı pulun içində diri-diri basdırar. Varlı ilə kasıbın duelini göz önünə gətirin. Proqnoz verən olsa, varlının qalib gələcəyini təxmin edər.
Futbol bir uduş oyunudur, burada nəticənin üç başı var. Ancaq Ayxan Abbasov «Neftçi»nin «dərman»ını nətəhər və nə yollasa tapıbsa, hələ də formulunu kiməsə vermir, ciddi-cəhdlə özündə saxlayır və hər fürsətdə yararlanır.
İddia edərdim ki, Azərbaycanda «Neftçi»ni ondan yaxşı tanıyan, məğlub etməyin yollarını bilən ikinci rəqib baş məşqçi yoxdur, hətta Qurban Qurbanov da!
Həmkarlardan Elnur Məmmədli «Neftçi»yə təklif edir ki, stadionu dəyişmişkən, bir dəfəlik baş məşqçi ilə prezidenti də əvəzləyin. Ayxan Abbasovla Riad Rəfiyev "Neftçi"də daha yaxşı nəticə verər.
Vüsal Mahmudov isə yazır ki, Ayxan Abbasov Sumqayıtda şirniyyat fabriki açıb, hər il ... konfet düzəldir. Əksər vaxt qutuları "Neftçi" futbolçuları daşıyır.
Düz sözə nə deyəsən?!
«Sumqayıt»da vitrinə çıxarılası 2-3 futbolçu ola, ya olmaya. Mövsümün axırında onları da qoruya bilmirlər. Bir balaca qiymətə minən özünə müştəri tapıb, gənclik şəhərini tərk edir.
Gedənin üzünü gələn görmür. Gələnin üzünü də gedən. Belə bir pərakəndəlik var ikən, komanda ölü təsir bağışlamır. Məşqçi əməyi oyunun bəlli bir bölümlərində, müdafiə və ya əks-hücum planında nəzərə çarpır. Bəzən az, bəzən çox.
Əminəm ki, Avroliqada «Sumqayıt»ın qarşısına «Şkendiya»nın yerinə «Şkupi» çıxsaydı, bu mərhələni asanlıqla keçərdilər. «Neftçi» isə tam əksinə, qitənin ikinci dərəcəli klub yarışı ilə ilk mərhələdə vidalaşardı.
«Sumqayıt»a baxıb, «Neftçi»yə obyektiv qiymət vermək lazımdır. Bir tərəfdə konfet düzəldən Ayxan Abbasov, o yanda da konfeti zibilə döndərən Füzuli Məmmədov. Klub rəhbərlərinin gözü heçmi görmür?
Bu iki nəfərə də məşqçi demək olmaz axı. Biri dəqiq məşqçidir, ən azından, məşqçi olmağa cəhd edir, o biri yox. Füzuli Məmmədovun oynatdığı futbolun adı nədir, heç özü də bilmir.
Sonra da xəbər yayırıq ki, Fatih Terim köməkçilərinə «Neftçi»ni incələyib ona raport təqdim etmələrini tapşırıb.
Kaş, köməkçiləri həmin raportu Terimə təqdim etməzdən öncə Füzuli bəyin özünə də göstərərdilər. Vallah, savab iş görərlər. Bəlkə o, bundan sonra çalışdırdığı komandanı tanıyar, müəyyən informasiya toplayar.
İşləyən Ayxan Abbasovdur, dişləyən Füzuli Məmmədov. Yerlərini dəyişsələr, «Neftçi» sözdən əmələ keçib, «Qarabağ»la çempionluq savaşına girər. «Sumqayıt» isə «kümə»də qalmaq uğrunda mübarizəni lap əvvəldən uduzar.
Abbasovun top-tüfəngi, yəni, sanballı futbolçu ansamblı olmasa da, sərəncamındakılara düzgün insani və psixoloji yanaşması, biliyi ilə təsir edə bilir, istədiklərini onlardan almağı bacarır.
Məmmədov texniki zonada özünü apara bilmir, ondan daha nə istəmək və gözləmək olar ki..?
ELNUR

