O və Ceyhun Sultanov “Neftçi”nin yükünü daşıya biləcək biri deyil

12 Sentyabr 2020 23:40 Sumqayıt 1 078
O və Ceyhun Sultanov “Neftçi”nin yükünü daşıya biləcək biri deyil

Rəhimsiz və rəhmsiz “Sumqayıt” – bu komanda Premyer Liqanın 2-ci turunu sensasiyayla açdı. Düzdü, son illər “kimyaçılar” üçün Bakı səfəri asan gəzintiyə çevrilib, amma bu mövsüm vəziyyətin dəyişəcəyinə ümid var idi. Yayda əsas heyətinin əksər üzvlərini itirən “Sumqayıt”ın toparlanması vaxt almalıydı.

Bu azmış kimi baş məşqçi Ayxan Abbasov komandanın liderlərindən olan Rəhim Sadıxovu da ehtiyatda oturtmuşdu. Millidən yorğun dönən yarımmüdafiəçi onun yoxluğunda tura hazırlaşan, məşq edən oyundaşlarının yerini titmamışdı. Ayxan Abbasov bu jestlə forma geyməyi haqq edən digər yetirmələrinə nümunə göstərmişdi. Və onlar 90 dəqiqə ərzində rəqibə rəhmsiz davrandılar.

Milli komandaların oyunları üzündən yaranan fasilədən Abbasov məharətlə istifadə etdi. Onun gec yığılan heyəti avrokuboklara qədər toparlamaq imkanı olmamışdı. 3 həftə ərzində isə o, gedənlərin yerini doldurduğunu göstərdi. Heyətdəki bu qədər dəyişikliyə rəğmən, öz dəst-xəttini yenidən tətbiq etməyi bacarırsansa, komanda yenidən özünə gəlirsə, deməli, məşqçi bacarığın alqışlanmalıdı. Bəlkə də rəqib futbolçu Mamadu Mbodj əvəzlənərkən buna görə öncə Abbasovun əlini sıxdı…

Dünənki oyunun nəticəsini məhz məşqçilərin fərqli bacarıqları həll etdi. Məhdud heyəti ən yaxşı şəkildə hazırlayan, azödənişli oyunçulardan komanda formalaşdıran Abbasovla müqayisədə Füzuli Məmmədovun etdikləri fiasko idi. Aşkar görünür ki, bu məşqçi “Neftçi”nin yükünü çəkəcək adam deyil. Nə qədər ki, komanda dibə vurmayıb, ziyanın yarısından qayıtmaq mümkündü, bakılılar sükanı layiqli birinə tapşırmalıdı. Məmmədovun arxasında duracaqlarsa, bu, rəhbərlik tərəfdən yaxşı jest sayıla bilər, amma o zaman yekun nəticələrə də indidən hazır olsunlar.

“Neftçi” öz meydanında uduzdu. Və bu, yalnız hesab məğlubiyyəti deyildi. Bütün komponentlərdə rəqibi üstələyən “Sumqayıt” oyuna diqtə edən tərəf idi. Meydan sahibləri nə edəcəklərini bilməyəcək qədər miskin görünürdü – oyundan əvvəl Füzuli bəyin onlara hansısa tapşırıq verdiyinə şübhə edirəm. Və ya tapşırıq vermişdi, icrası üçün komandanı hazırlaya bilməmiş, rəqibi üzgün analiz etməmişdi.

Məmmədov sırf məşqçi işindəki beyin mübarizəsində uduzması azmış kimi, komandanı yersiz stressə soxdu. Son 6-7 məşqi buraxmışdısa, Mbodjun start heyətində nə işi var idi? Oynayırdısa, onu ilk yarıda əvəzləməyin mənası nə idi? Daha 5-10 dəqiqə gözləmək, bunu fasilədə etmək daha yaxşı olardı. Axı, “Neftçi”nin oyununun alınmamasının günahkarı Mamadu deyildi, komandanın xətlərarası rabitəsi qurulmamışdı, orta sahə fiasko səviyyəsində çıxış edirdi.

Bəli, Mbodj ilk qol zamanı səhv ötürmə verdi, daha bir dəfə mübarizəni uduzdu. Bunun üçün oyunçunu o şəkildə meydandan almaq günahı başqasına yükləmək sayılır. Əvəzlənərkən etiraz edən, baş məşqçini sorğu-suala tutan futbolçu Məmmədovu kollektivin gözündən saldı. Füzuli bəy yəqin, komanda daxilində də xarakter sahibi deyil ki, müdafiəçiyə hesabat verməyə çalışdı, hətta günahkarcasına onunla danışmaqdan yayındı.

Məmmədov növbəti turda “Qarabağ”la oyunda məhz Mamaduya möhtacdı. Anton Krivotsyuk qırmızı vərəqə aldığından seçim yoxdu, Voislav Stankoviçlə məhz bu oyunçu duet təşkil etməlidi. Belə davranışdan sonra Mbodju qazanmaq, ondan fədakarlıq gözləmək çətin olacaq. Futbolda belə incəliklər vacibdi, heç nədən problem yaradanda bu, silsiləyə çevrilir.

“Neftçi”nin əsas problemi məşqçidi, amma bu, yeganə problem deyil. Bəzi futbolçularla bağlı sıxıntılar var – kimisi potensialını ortaya qoymur, kimisinin ümumiyyətlə, səviyyəsi “Neftçi”nin tələblərinə cavab vermir. Amma bunlara görə də Məmmədov cavab verməlidi. Çünki oyuçuların hazırlıq səviyyəsinə o cavabdehdi, transferlərin hamısı da onun istəyi ilə edilib – özü bunu müsahibəsində bildirib.

Bu məğlubiyyətin klubun büdcə açıqlamalarından sonra gəlməsi sanki Tanrı cəzasıdı. Sən işini düzgün qurmursansa, maliyyənin qədəri önəm daşımır. Bəli, bu büdcəylə “Qarabağ”a qarşı mübarizə aparmaq olmaz (halbuki ağdamlılarda da büdcə az qala 50 faiz azalıb – müəl.), amma oyunçulara ayrılan vəsaitə görə 5 dəfə üstələdiyin “Sumqayıt”a evdə uduzmağın adı yoxdu. Klub rəhbərliyi bəyan edir ki, A komandaya 4 milyon manat ayrılıb, “Sumqayıt”da isə bu, milyon manatdan da azdı. İdman direktoru Ceyhun Sultanovun dediyi kimi hər şey maliyyədən asılıdısa, o zaman dünənki rəqib 4:0 hesabıyla məğlub edilməliydi.

Ümumiyyətlə, Sultanovun son müsahibəsi birmənalı qarşılanmadı. Onun dediklərinin “Sumqayıt”ı oyuna daha çox motivasiya etdiyini deyə bilərik. Hər şey yolunda ikən belə emosianallığa nə hacət? Özü də Sultanov açıqlamalarında “mən” sözündən çox istifadə edir. Nəticələr belə olanda “mən” “sən”ə çevrilir. İndi “sən” cavab ver: niyə belə oldu? Bəlkə uğursuzluğun bir səbəbi hər transfer dövründə 5-6 legioneri dəyişməkdi və “sən”in seçimlərin əksər hallarda doğrulmursa, bəlkə “mən də günahkaram” deyəsən?

“Neftçi”nin yeni legionerləri heç nə ilə seçilmir, hətta əvvəlkilərdən daha zəifdilər. Sultanov bunu da büdcə azalması ilə əlaqələndirəcək. O zaman 6-7 oyunçudansa, maliyyəni cəmləyib 2-3 daha səviyyəli əcnəbi gətirmək daha yaxşı olmazdımı? Saman Nərimancahan kimi futbolçun varkən eyni mövqeyə eyni səviyyədə olan daha biri – Sabir Buqrin niyə gətirilib?

Adaptasiya üçün zaman gərəkdiyini bəhanə etməyək. Qarşıda dubl edən Əli Qurbani nümunəsi var. “Sumqayıt”ın hücumçusu bir aydı gəlib, amma artıq cəllad kimi oynayır. “Neftçi” bir oyunda rəqibinə 6-7 real qol şansı verəcək komanda olmamalıdı. Böyük hesab qeydə alınmadısa, buna görə qapıçıya və rəqib oyunçuların qeyri-dəqiqliyinə minnətdar olmaq lazımdı.

Suallar çoxdu. “Neftçi” klub kimi yaxşı işlər görür, amma komanda olaraq problemlər qalmaqdadı. Füzuli Məmmədovun toparlanmasını gözləmək vaxt itkisidi, bu məşqçi “Neftçi”nin yükünü daşıya biləcək biri deyil. Rəhbərlik növbəti mövsümdə avrokuboklarda olmaq istəyirsə, vaxt itirməsin (futbolinfo.az).

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"