“Klubun sponsoru, şəhər rəhbərliyiheç bir iş görmədi”

27 Avqust 2020 18:20 Sumqayıt 1 041
“Klubun sponsoru, şəhər rəhbərliyiheç bir iş görmədi”

“Sumqayıt” bu gün tarixində ilkə imza atacaq.

Sportinfo.az xəbər verir ki, müstəqillik illərində ilk dəfə bu şəhərin eyniadlı komandası Avropa Liqasında debüt edəcək.

Əslində “gənclik şəhəri” təmsilçisi hələ ötən əsrin 90-cı illərində mükafatçılar sırasına düşməklə beynəlxalq arenada çıxış etmək hüququ qazanmışdı.

Ancaq həmin vaxt UEFA-nın üzvü olmadığımızdan sumqayıtlıların qitəmiqyaslı turnirə yolu bağlı qalıb. Həmin illərdə komandanın baş məşqçisi olan Sabir Əliyevi aradıq və “kimyaçılar”ın avrokubokda debütü barədə danışdıq (Futbol+).

- “Sumqayıt”ın Avropa Liqasında debütü ilə bağlı fikirlərinizi bilmək istəyirik.
- Nəhayət, sumqayıtlı azarkeşlər də bu tarixi hadisəyə şahidlik edəcək. Düzdü, pandemiya üzündən avqustun 27-də onlar tribunada olmayacaqlar. Hamı bilsin ki, ən azı 100 min sumqayıtlı futbolsevərin ürəyi 90 dəqiqə boyunca “Sumqayıt”la birgə döyünəcək, komandanın qələbəsi üçün dua edəcək. Yenə deyirəm, çox təəssüf ki, azarkeşlərin stadiona girişinə qadağa qoyulub. Yasaq olmasaydı, bizim azarkeşlər komandanın “12-ci oyunçu”su olacaqdı. Bütün ölkə bilir ki, sumqayıtlılar komandaları ilə fəxr edirlər, daim onların yanındadılar. Çox vaxt sumqayıtlıları ingilis fanatlara oxşadırlar ki, bu da mənim ürəyimcədi. Çünki həm ingilislər, həm də sumqayıtlılar komandanın udub-uduzmasından asılı olmayaraq, daim dəstəkləyir, yaxşı oyuna görə həm öz komandasını, həm də rəqibi meydandan alqışla yola salır. Bunun özü də bir mədəniyyətdi. Sumqayıtda futbol mədəniyyəti var və arzulayardım ki, bəzi komandaların azarkeşləri bizim fanatlardan ibrət götürsünlər.

- Bəzilərinin fikrincə, “Sumqayıt” Avropa Liqasına vəsiqə qazandığına görə pandemiyaya minnətdar olmalıdı. Belə düşünənlər “çempionat yarımçıq dayandırılmasaydı, “Zirə” və ya “Sabah” qitəmiqyaslı tunirə vəsiqə qazanacaqdı” deyirlər. Siz necə fikirləşirsiz?
- Ehtimal üzərində danışmaq yersizdi. Ötən mövsüm “Sumqayıt” çox baxımlı futbolla hamımızı sevindirdi. 16-17 tur 4-cü pillədə yer aldı. Həmin turlarda “Zirə”, “Sabah” harda idi? Qatar ötüb keçəndən sonra danışmaq nəyə lazımdı? Ayxan Abbasovun çalışdırdığı komanda çempionatın bəzəyi idi. “Sumqayıt”ın günahı deyil ki, pandemiya üzündən premyer-liqanın son 8 turu keçirilmədi və çempionat erkən başa çatdı. Mövsümün qalan hissəsində “Zirə” və “Sabah”ın “Sumqayıt”ı keçəcəyini iddia edənlərə bir sual vermək istəyirəm. Bu komandalar 20 turda Abbasovun yetirmələrini qabaqlaya bilməyiblərsə, nəyə əsasən son 8 turda 4-cü olacaqlarını iddia edirlər? Həmin məntiqlə, mən də deyə bilərəm ki, “Sumqayıt” 2019/20 “futbol ili”ndə “Keşlə”ni də qabaqlayaraq mükafatçılar sırasına düşə bilərdi. Bütün bunlar ehtimallardı. Ancaq ortada reallıq var. Hələ mən “Sumqayıt”ın ölkə kubokunun yarımfinalına vəsiqə qazanmasını demirəm. Özünüz də bilirsiz ki, kubok qarşılaşmaları çempionat oyunlarından fərqlənir, burda zəif-güclü anlayışı o qədər də önəm daşımır.

- Ancaq ötən mövsüm 4-cü yeri tutan “Sumqayıt”ın heyəti mövsümlərarası fasilədə ciddi itkilərə məruz qaldı. Avropa Liqasına vəsiqə qazanan komanda aparıcı oyunçularını itirdi...
- Məni ən çox məyus edən də bu məqamdı. Əhalisinin sayına görə ölkənin ikinci ən böyük şəhərinin təmsilçisi tarixində ilk dəfə beynəlxalq arenada çıxış etmək hüququ qazanır, ancaq komanda heyət baxımından zəifləyir. Futbol tərəfindən götürsək, hər şey əksinə olmalıydı. Debütant komandanın heyəti daha da güclənməliydi.

- Buna görə günah kimdədi? Sabah uğursuzluq yaşansa, rəhbərliyi ittiham etmək lazımdı, yoxsa sponsoru? Heç şəhər rəhbərliyi də komandanın uğuruna layiqli qarşılıq vermədi. Hər halda, 71 yaşı olan Sumqayıtın eyniadlı komandası daha isti münasibətə layiq idi. Siz necə düşünürsüz?
- Bu məsələdə klub rəhbərliyini, xüsusilə də prezident Riad Rəfiyevi qınamaq, günahı onun boynuna atmaq düzgün deyil. Mən həmişə demişəm, yenə o fikirdəyəm ki, Riad müəllim öhdəsinə düşən işi layiqincə yerinə yetirib, iki il güclü seleksiya aparmaqla komandaya səviyyəli oyunçular dəvət edib. Komandanın uğur qazanmasında Ayxan Abbasovun da danılmaz əməyi var. Təəssüf ki, klubun sponsoru, şəhər rəhbərliyi görülən işə layiqincə qiymət vermədi, uğurun davamının gəlməsi üçün heç bir iş görmədi. Başa düşürəm, bu gün pandemiya bütün dünyanı ağuşuna alıb, hər yerdə iqtisadi problemlər yaşanır. Ancaq nədənsə həmin iqtisadi problemlər avrokuboklarda iştirak edən Azərbaycan klublarından ancaq “Sumqayıt”a təsir edib. Mən gözləyirdim ki, qitəmiqyaslı turnirdə iştirak edən kluba sponsor tərəfindən əvvəlki illərlə müqayisədə daha çox maliyyə ayrılar. Ancaq bu gün reallaşan transferlərdən belə başa düşmək olar ki, büdcə o deyil.

- Transferlərdən söz düşmüşkən, “Sumqayıt”ın bu yay rənglərinə bağladığı futbolçuların səviyyəsi sizi qane edir?
- Komandanın premyer-liqanın ilk turunda “Keşlə” ilə matçını izlədim. Açığı, bu, gözlədiyim “Sumqayıt” deyildi. Çox zəif təsir bağışladılar. Yeni transferlərə gəlincə, bəlkə ilk tur olduğundan hücumda çıxış edən Əli Qurbani çox zəif təsir bağışladı. Açığı, forvard kimi onu heç bəyənmədim. Avropa Liqasında çıxış edəcək kollektivə daha sanballı, səviyyəli oyunçular dəvət olunmalıydı. Ancaq yenə deyirəm, bu məsələdə nə klub rəhbərliyini, nə də baş məşqçini günahlandırmaq olar. Onlar da əllərində olan vəsaitə uyğun addım atıblar. Amma bu məsələnin bir müsbət tərəfi var ki, onu da qeyd etməliyəm. Hazırda “Sumqayıt”ın heyətində klubun öz akademiyasından çıxmış uşaqlar var. Onların əlinə yaxşı şans düşüb ki, özlərini sübut etsinlər. Mən Sumqayıt “Xəzər”inin baş məşqçisi olduğum illərdə komanda iki il -1992 və 1993-də mükafatçılar sırasına düşdü. Təəssüf ki, həmin vaxt bizim klubların avrokuboklara yolu bağlı idi. Həmin komandanın heyətində bir çox gənclərə oynamaq şansı yaratdım ki, sonradan Aqil Məmmədov, Kamal Quliyev, İsmayıl Məmmədov, Vüqar İsmayılov kimi gənclər aparıcı klubların şərəfini qorudular, yığmaya cəlb olundular. Məşqçi kimi həmişə gənclərə güvənmişəm. Belə olmasaydı, Mahir Şükürov kimi futbolçunu Azərbaycan tanımayacaqdı. İndi də Ayxan müəllim eyni yolu gedir. Bəzən şərait sənə məşqçi məharətini göstərməyə məcbur edir. Ayxan Abbasov da məhz belə durumdadı.

- “Şkendiya” ilə oyuna saatlar qalmış şansları dəyərləndirməyinizi istərdik.
- Meydan amilini nəzərə alsaq, deməliyəm ki, “Sumqayıt”ın şansı daha çoxdu. Ancaq “Şkendiya” avrokubok təcrübəsinə malik komandadı. Oyunlarını görməmişəm, rəqibin hansı səviyyədə futbolçulara sahib olduğunu bilmirəm. “Sumqayıt”ın indiki vəziyyətini nəzərə alaraq, şansın 50-nin 50-yə olduğunu düşünürəm. Sizi əmin edirəm, komanda ötənilki heyətini qoruyub saxlaya bilsəydi, əminliklə mərhələ adlayan tərəfin məhz Abbasovun komandasının olduğunu deyərdim. Görün hansı futbolçular “Sumqayıt”ın sıralarını tərk etdilər və hansı klublara üz tutdular? Gedənlərin hamısı premyer-liqanın iddialıları ilə müqavilə bağlayıblar. Yenə də xeyirlisi. İndki heyətlə uğur qazanmaq mümkün olsa, yerli uşaqlara, akademiyanın yetirmələrinə yol açılacaq. Onsuz da klub rəhbərliyi qarşıya məqsəd qoyub ki, yaxın 5 ildə heyətin özəyini sumqayıtlı oyunçular təşkil etsin.

Digər Xəbərlər
Xəbər Lenti