“Sumqayıt”a yenə nə oldu?

20 Dekabr 2023 20:40 Sumqayıt 845
“Sumqayıt”a yenə nə oldu?

Mövsümə uğurlu başlayan, ilk 3 oyunda 7 xal qazanmaqla təəccübləndirməyi bacaran “Sumqayıt” adından söz etdirməyi bacarmışdı.

Sonrakı 4 oyundan qələbə səsi çıxmasa da (1 heç-heçə), növbəti 6 oyundakı 13 xal insanlarda bu komandanın iddialıların sırasında yer alacağına dair inam yaratmışdı.

Lakin noyabrın 11-də “Neftçi” üzərindəki qələbədən sonra “kimyaçılar” çempionatda 4 matçdır istəyinə çata bilmir: 3 heç-heçə və 1 məğlubiyyət.

Bu oyunlarda itirilən 9 xalın sayəsində “Sumqayıt” ilk “5-lik”dəki yerini tərk edərək 6-cı sıraya yuvarlanıb ki, bu, işıqlı gələcəyə olan inamı şübhə altına alıb.

Komandanın əsas simalarından olan Rövlan Muradov Sportinfo.az-a açıqlamasında son görüşlərdəki qələbəsizliyi şərh edib:

“Nə demək istədiyinizi anlayıram. Oyunların hamısını qələbə ilə başa vurmaq çətin məsələdir.

Bəzən belə seriya olur. Son 4 oyunun yalnız 1-də məğlub olmuşuq. Fikrimcə, bu, bərbad nəticə deyil.

Çempionat uzun marafondur. İnanıram ki, qələbələrimizin sayı artacaq. Bizdən yuxarı pillələrdə yer alan rəqiblərlə xal fərqimiz elə də çox deyil.

Bir qələbə ilə vəziyyəti dəyişmək olur. Ümid edirəm ki, mövsümün ilk yarısının sonuncu oyununu qələbə ilə başa vurub, azarkeşlərimizi sevindirəcəyik”.

“Kimyaçılar” Premyer Liqanın 18-ci turunda “Səbail”i qəbul edəcək. Dekabrın 23-də keçiriləcək oyun saat 18:30-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"