“Ona millini çalışdırmaq üçün təklif gəlsə...” – Klub prezidenti

13 Dekabr 2023 00:40 Sumqayıt 551
“Ona millini çalışdırmaq üçün təklif gəlsə...” – Klub prezidenti

Sportinfo.az xəbər verir ki, "Sumqayıt"ın prezidenti Riad Rəfiyev "report"un suallarını cavablandırıb.

- AFFA və UEFA-nın birgə əməkdaşlığı ilə Frankfurtda seminarda iştirak etdiniz. Bu tədbir barədə təəssüratlarınızı bilmək istərdik. Seminarın futbol sahəsində çalışan funksionerlərə hansı faydaları oldu?
- İlk olaraq AFFA-ya bu gözəl tədbir və təşkilatçılıq üçün dərin minnətdarlığımı bildirirəm. Çox gözəl, faydalı və səmərəli seminar oldu. Belə tədbirlərin çox olması yeni kadrların yetişməsi, peşəkarlaşması baxımından çox önəmlidir. Bu da həm klubların, həm də ümumilikdə Azərbaycan futbolunun xeyrinə olan amildir.

- Hazırda rəhbərlik etdiyiniz “Sumqayıt” FK-nın Müşahidə Şurasının tərkibində və sədrliyində dəyişikliklər oldu. Bu, əsas komandanın çıxışına, fəaliyyətinə nə dərəcədə təsir edəcək?
- Doğru qeyd etdiniz, dəyişikliyə əsasən “Azərikimya” İstehsalat Birliyinin baş direktoru Elnur Məmmədli “Sumqayıt” Futbol Klubunun Müşahidə Şurasının sədri seçildi. Onu da qeyd edim ki, Elnur müəllim “Azərikimya”ya rəhbər təyin olunan gündən daim komandamızın yanındadır. O, bizim bir nömrəli azarkeşimizdir. Bütün oyunlarımızı izləyir. Komanda da bunu tam məsuliyyəti ilə dərk edir, anlayır. Mən də klub prezidenti kimi öz adımdan ona komandaya göstərdiyi dəstəyə görə təşəkkürlərimi çatdırmaq istəyirəm.

- Ümumiyyətlə, həm siz, həm də Müşahidə Şurasının üzvləri "Sumqayıt"ın cari mövsümdəki çıxışını necə dəyərləndirirsiniz?
- İkinci dövrənin sonuna 2 oyun qalıb. Komanda hazırda 4-cü pillədə qərarlaşıb. Düşünürəm ki, çıxışımızı dəyərləndirmək üçün hələ tezdir. Mənim fikrimcə, son iki oyuna yaxşı hazırlaşmalı, həmin qarşılaşmalardan maksimum nəticə ilə ayrılmağı hədəfləməliyik. Ancaq bundan sonra ümumi vəziyyət haqqında dəyərləndirmə apara bilərik.

- Əsas hədəf avrokuboklara vəsiqə qazanmaq, yoxsa mümkün qədər yüksək pillələrdə qərarlaşmaqdır?
- Mövsümün əvvəlindən özümüz üçün müəyyənləşdirdiyimiz əsas hədəf mümkün qədər yüksək pillələrdə qərarlaşmaqdır.

- Komanda ölkə kuboku da daxil olmaqla, ardıcıl 6 oyunda məğlubiyyətlə üzləşməsə də, bu çıxışı darmadağınla yekunlaşdırdı. Premyer Liqanın XVI turunda "Qarabağ"a 1:6 hesablı məğlubiyyət haqqında nə deyə bilərsiniz?
- “Qarabağ”la oyun haqqında deyiləcək çox söz yoxdur. Hamı gördü. Təəssüflər olsun ki, nəticə göz qabağındadır. Belə olmasını nə biz, nə də komanda, məşqçilər, oyunçular - heç kim istəməzdi. Amma bu komandanın gücü hər kəsə bəllidir. Avropanın Top-5 liqalarının təmsilçiləri ilə başabaş mübarizə aparan kollektivdir. Toparlanmalıyıq, bu oyunu unudub, qarşıdakı matçlara köklənməliyik.

- Qarşıdan qış fasiləsi gəlir. Komandanın planları bəllidirmi? Söhbət həm toplanış, həm də heyətlə bağlı komplektləşmədən gedir. İndidən hansısa mövqelərdə dəyişiklik olacağını, hansısa oyunçuları transfer edəcəyinizi planlaşdırmısınız?
- Komandamız hər il olduğu kimi, bu dəfə də qış təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində keçirəcək. Yanvarın 6-da yola düşəcəyik, 17-nə qədər orada olacağıq. İlkin olaraq 3 yoxlama oyunu nəzərdə tutulub. Rəqiblərimiz hələ müəyyənləşməyib. Bəlli olanda bununla bağlı açıqlama verəcəyik. Heyətlə bağlı yeniliklərə gəlincə, bunun üçün dövrənin sonunu gözləmək lazımdır. Yalnız ondan sonra qərarlaşdıracağıq ki, bizə dəyişiklik lazımdırmı, lazımdırsa, hansı mövqelər üzərində işləməliyik.

- Bu mövsüm Azərbaycan Premyer Liqasının səviyyəsini necə dəyərləndirirsiniz?
- Bu mövsüm əvvəlkilərdən çox fərqlənir. Azərbaycan Premyer Liqasının səviyyəsi çox yüksəlib. Bütün komandaların möhkəm maliyyə dayaqları var, hamısı mümkün qədər yüksək pillələr uğrunda mübarizə aparırlar. Bunu çox normal qəbul edirəm. Bu da yarışı daha rəqabətli və maraqlı edir. Düşünürəm ki, qış fasiləsindən sonra çempionat daha maraqlı olacaq.

- Son olaraq Azərbaycan millisi barədə danışmağınızı istərdik. Sabiq baş məşqçi Canni De Byazinin yığmadakı fəaliyyətini necə qiymətləndirirsiz?
- İstər Canni De Byazi olsun, istər digər mütəxəssis, onu milli komandadakı fəaliyyəti haqqında danışmaq mənim səlahiyyətimdə deyil. Ona görə də bu mövzu ilə bağlı şərh vermək istəmirəm.

- Millidə yerli, yoxsa əcnəbi baş məşqçinin işləməsinin tərəfdarısınız? Samir Abasova bu post təklif olacağı təqdirdə necə reaksiya verərsiniz?
- Milli komandada yerli və ya əcnəbi mütəxəssisin çalışmasının fərqi yoxdur. Əsas odur ki, onun fəaliyyəti yığmanın, Azərbaycan futbolunun xeyrinə olsun. Samir Abasova gəlincə, ona milli komandanı çalışdırmaq üçün təklif gəlsə, şəxsən mənim üçün qürur hissi olar.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"