"Əgər onun məqsədi budursa... Özü bilir ki, nə ilə üzləşəcək”

8 Dekabr 2023 23:40 Sumqayıt 468
"Əgər onun məqsədi budursa... Özü bilir ki, nə ilə üzləşəcək”

Premyer Liqanın 15-ci turunun “Turan Tovuz” – “Sumqayıt” matçının gedişində qonaqların qapıçısı Mehdi Cənnətov yerli publikanın əsas hədəfinə çevrildi.

Səbəb təcrübəli qolkiperin oyun startından sonuna kimi vaxtı uzatması idi.

Baş hakim Elçin Məsiyevin 90 dəqiqə başverənlərə susması tərəfdarları daha da özündən çıxarırdı.

Bilirik ki, belə məqamlara “Kimyaçılar”ın baş məşqçisi Samir Abasov da qarşıdır.

Təcrübəli çalışdırıcı dəfələrlə açıqlamalarında futbolçuların aşırı vaxt aparmasını sevmədiyini dilə gətirib.

Hətta bəzən oyunun gedişində bunu etməyə cəhd edən futbolçusuna əsəbiləşdiyinə də şahid olmuşuq.

Maraqlıdır, bəs bu dəfə Mehdi ilə bu mövzuda hər hansı söhbət olacaqmı?

Sualımıza cavab olaraq Abasov bunları dedi:

“Ümumilikdə göstərdiyimiz oyun mənim özüm üçün o qədər xoş deyildi. Ona görə də ayrılıqda Mehdinin elədiklərini tuta bilmirdim.

Bütün fikrim digər futbolçularda idi. Bəli, mən bu şeylərdən qəti narazıyam.

Bəlkə də Mehdi meydançadakı prosesləri görə-görə bunu edirdi. Yaxşı tez başlasın, amma kiminlə?

Açılan lazımdır axı. Bunu eləmirdik biz. Bütün bunları öyrənəcəm, danışacam.

Əgər vaxt aparmağa hesablanıbsa, özü bilir ki, nə ilə üzləşəcək”.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti