Hələ bu sezon «Sumqayıt»ın belə futbolu olmamışdı.
Oynadılar, hə, gözəl oynadılar.
Samir Abasovun gəlişindən sonra ilk dəfə «Sumqayıt» ortaya normal futbol qoydu, tribunaları dolduran azarkeşə həyacan yaşatdı.
İlk dəqiqədən ta final fitinə kimi. Ləzzət etdi. Deməli, «Sumqayıt» daha yaxşı oynaya bilərmiş, potensialı çatarmış. «Neftçi» Samir Abasovun son klubudur. «Sumqayıt»a oradan qayıdıb.
Yerinə gəlmiş Lorentsiu Regekampfa uduzmaq istəməyən yerli mütəxəssis futbolçularını oyuna əla kökləmişdi. Sürətdə rəqibinə uduzmayan ev sahiblərinin meydanboyu hərəkətdə olmasını, dayanmamasını da qeyd edərdim.
«Neftçi»nin liderlərinə açıq zona verməyən, onlara yaxın oynayan «Sumqayıt»lılar baş məşqçinin istəklərini yerinə yetirmək üçün əlindən gələni əsirgəmədi.
Qol vurmaq Aleksey Baqanın zamanında əsl problem idi, artıq bunun da öhdəsindən gəlirlər.
«Sumqayıt» nə idi, qol vurmaq nə idi: Samir Abasov o inamı komandanın canına, qanına hopdurmaq missiyasının öhdəsindən gəlir yavaş-yavaş.
Riçard Qadze hələ formadan uzaqdır, artıq çəkidən tam azad olmayıb, bununla belə, «Sumqayıt»ın oyununa rəng qatır, fərqlənir.
Qanalının hücumdakı fəallığı yarımmüdafiə xəttində yer alanları da hərəkətə gətirib. Əsas problem müdafiə zonasıyla bağlıdır və göründüyü kimi, hər iki qolda fərdi səhvlər vardı.
«Sumqayıt» artırma dəqiqələrində «Neftçi»ni üç dəfə əks-hücumda yaxaladı. Bu epizodların hər birindən qol iyi gəlirdi, amma ki… tələskənlik və təlaş hesabın yenidən onların xeyrinə dəyişməsinə mane oldu.
Turnir cədvəlində son pillə «Sumqayıt»a yaraşmır. 2:2 ümid verdi. Məşqlərdə bir qədər də çox işləsələr, qış fasiləsinə nisbətən yüngülləşmiş halda yollana bilərlər. Samir Abasov «qara düyün»ü çözməyə yaxın görünür.
MUSA

