Mövsümə bərbad başladı «Sumqayıt».
Filipe Kandido ilə yeni sezonu açıq elan edən komanda doğma şəhərində «Neftçi»yə uduzdu.
Burada hər şey qanunauyğun alındı: bərbad oyun bərbad nəticəni özüylə gətirdi.
Portuqaliyalını gərgin iş, təlatümlü həftələr gözləyir irəlidə. İşi çətin olmayacaq, çox çətin olacaq.
Kandidonu matçboyu narahat gördüm. Heç yerində əyləşmədi, 90 dəqiqəni demək olar ayaq üstündə keçirdi.
Üzündəki təlaş, gözlərindəki qorxu sanki komandaya tez yansıdı. «Sumqayıt» oyunun əvvəlində iki ardıcıl qol buraxmaqla, «Neftçi»ni qalibiyyətin cibdə olmasına erkən inandırdı.
O, «Sumqayıt»ı Saşa İliçin vaxtındakı kimi oynatmaq istəmir. «Beşli müdafiə»dən imtina etməklə.
Gücü orta sahəyə verən Kandidonun çempionat və rəqiblərlə bağlı məlumatlarının məhdudluğu dəqiqdir. Yeni komandasını fiziki cəhətdən növbəti «futbol ili»nə yaxşı hazırlaya bilməməsi də o cümlədən.
«Smuqayıt» hələ komplektləşməyib. Heyət natamamdır. Orta sahə və hücum nöqtələrində transferlərə ehtiyac hiss olunur.
Rəhbərlik əlini cibinə salmasa, həmin zonalara minimum 2 legioner alınmasa, Kandido çox keçmədən vəzifəsiylə vidalaşacaq.
Üstəlik, nizam-intizam tədbirlərinin təşkili sarıdan o, axsayır.
Kapitan Səbuhi Abdullazadənin heç nədən qırmızı vərəqə alması, Nihat Əhmədzadənin rəqibin başına endirdiyi, amma cəzasız qalan zərbəsi Kandidonun hələ öz kimliyini komandaya qəbul etdirə bilməməsinin təsdiqidir.
Ondan çəkinsəydilər, «dünənki uşaqlar» bu hərəkətlərə yol verməzdilər.
MUSA
