«Sumqayıt» pozitiv futbol oynamır. «Sumqayıt» poztiv nəticəni qazana biləcəyi futbolunu oynayır.
Bunun adı səbrdir.
Bunun adıı dözümdür.
Bunun adı ehtiyatdır.
Ehtiyatlı igidin yaraşığı Rəhim Sadıqov olar. 83 dəqiqə gözləyər, gözdən itər və birdən-birə səhnə alar, ard-arda 2 qol vurar.
Futbolçunun qiymətini anidən, ilk fürsətdəcə vurduğu qol, verdiyi məhsuldar ötürmə müəyyənləşdirər.
Ayxan Abbasov «Sumqayıt»da yalnız futbolçunu dəyərə mindirməyib. O, «Sumqayıt»ı komanda olaraq dəyərə mindirib.
Bir buradan gedənlərin sonrakı halına baxın, bir də bura gələnlərin.
Rəhimi «Sumqayıt»ın yolunu tutana kimi 1-2 nəfər tanıyırdı, bu gün bütün Azərbaycan.
Onu məmləkətə tanıdan baş məşqçi ilə çalışmağa davam etdiyi üçün «şapka»dan dovşan çıxarır, oyunun axarını büsbütün dəyişdirir, adıını tabloya yazdırır.
Lidersiz komanda başsız atlıdır. «Sumqayıt»da belə futbolçuların sayı azdır, əvəzində komanda bütünlüyü tamdır.
Digər özəlliyini də qeyd edim «Sumqayıt»ın – aslan payı bir şansı var. Müdafiəsi ağır, geriyə dönüşü ləng olsa da, ikinci və üçüncü zonada tək epizoddan qola gedən futbolçuları sürətlidir.
«Keşlə»yə hər iki qolu ortadan vurub, 3 xalı aradan çıxardılar. Gözəllik ondur, doqquzu dondur – eləmi? Elədir, yenə də düşüncə.
KAMİL

