Azərbaycan Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, günün son matçında "Keşlə" və "Sumqayıt" üz-üzə gəlib.
"ASK Arena"dakı qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda hər iki qolu "gənclik şəhəri" təmsilçisinin yarımmüdafiəçisi Rəhim Sadıxov vurub. O, 83 və 89-cu dəqiqələrdə fərqlənib.
Görüşün əvvəlində "Sumqayıt" ciddi itki ilə üzləşib. Qapıçı Aydın Bayramov zədələnərək, meydanı tərk edib. Onu Tərlan Əhmədli əvəzləyib.
Beləliklə, səfərdə "Keşlə"yə qalib gələn "Sumqayıt" mövsümə uğurlu start verib. Bu nəticədən sonra 3 xalı olan kollektiv top fərqinə görə zirvədə qərarlaşıb. "Keşlə" isə sonuncu pillədədir.

