Konfrans Liqasında mübarizə aparacaq “Sumqayıt” Türkiyədə təlim-məşq toplanışını davam etdirir.
Sportinfo.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi qardaş ölkədə ilk yoxlama görüşü keçirib.
Baş məşqçi Ayxan Abbasov yetirmələrini TFF I Liqa təmsilçisi “Ankara Keçiörengücü” ilə görüşdə sınayıb. Oyunla bağlı əsas diqqətçəkən məqam Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin ankaralıların formasını geyinməsidir.
Qızılcahamam Mərkəzi stadionunda keçirilən matçın birinci hissəsini üstün keçirən ev sahibləri iki cavabsız topla önə keçib. Fasilədən sonra "kimyaçılar"ın fərqi minimuma endirməyə gücü çatıb. Dmitri Nağıyevin təsəlli qolu "Sumqayıt"ın məğlubiyyətinə mane olmayıb.
“Sumqayıt” təlim-məşq toplanışının ölkə daxilində baş tutan birinci mərhələsində “Qarabağ”la yoxlama görüşü keçirib, 1:3 hesabı ilə məğlub olub.
"Sumqayıt” – “Ankara Keçiörengücü” (Türkiyə) - 1:2
Qollar: Cirbil, 28, Yünkaş, 45+1 - Dmitri Nağıyev, 71
Qızılcahamam Mərkəzi stadionu

