"Sumqayıt" qayıdır. Yarandığı gündən məqsədi-məramı bilinməyən, Elxan Məmmədovun əlində "oyuncağa" çevrilən, geridə qalan illər ərzində "autsayder" statusu içində sıxılıb qalan klub yavaş-yavaş ənənəvi mövqeyinə yuvarlanır.
Hazırda 4-cü yerdə qərarlaşmasına baxmayaraq, sonuncu olan "Sabah"la arasında bir oyun xallıq fərq var.
Elə son turda autsayderə məğlub olmaları da çox mətləblərdən xəbər verir.
"Sumqayıt"da nələr baş verir? Böyük ölçüdə heç nə. Yarımçıq qalan ötən mövsümdə tarixinin ilk Avroliqa hədiyyəsi, kubokda finalçılıq böyük futbol ənənələri olan Sumqayıt futboluna qulluq etmir.
"Sumqayıt" futbol "qruplaşması"nın möhkəm "çörək ağacı", tramplin komandasıdır.
Elə Kamran Quliyevin "gənclik şəhəri"nin futbolunu "ağ gün"ə çıxarıb, 1 saatın içində "Neftçi"yə "transfer" olunduğu kimi. İndi də bu yolu gənc həmkarı Riad Rəfiyev getmək istəyir. Bu barədə bir qədər sonra.
"Sumqayıt" çempionata hazırlıq dövründə heyəti formalaşdıra bilmədi. Əksi gözlənilsə də, ilk kəs avrokuboklara qədəm qoyduğu ildəcə statistik rol oynadı. Bu addım Sumqayıt futbolunun tarixinə təhqir idi.
Menecer-prezident Riad Rəfiyevin başı "boss"unun tapşırığı ilə daha "vacib işlər"ə qarışmışdı. Avroliqadan, onsuz da, vəsait gələcəkdi, odur ki, ona yığma məngənələrində pul qazanmaq lazım idi. "Sumqayıt"a mesaj verilmişdi: "İran çempionatını gözləyin".
Komandanın bəxti yalnız onda gətirib ki, Ayxan Abbasov burada baş məşqçidir. Başını aşağı salıb, vicdanla öz işini görür.
Çempionatın ilk turuna formalaşmayan komanda, millinin oyunları ilə bağlı fasilədən maksimum yararlana bildi. Gözlənilməz sıçrayış baş verdi, hətta liderliyə də yüksəldi. İndi isə enişə pandemiya bəhanələri səbəb ola bilməz, axı bütün klublar eyni durumdadır.
"Sumqayıt"da səbəblər başqadır.
Kollektiv psixoloji olaraq ilk pillənin yükündən qorxdu. Özləri də turnir cədvəlinə baxıb gözlərinə inanmırdı. Ən pisi isə, komanda yaddan çıxdı, "oyunlar" başladı. "Neftçi"nin uğursuzluq fonunda Riad Rəfiyevin "iştah"ı kəlləmayallaq vurdu, təzyiqi artdı.
"Sumqayıt"ın liderliyi lazım olan yerlərdə gözə soxulurdu, flaqmana gediş yolları aranırdı. Riad Rəfiyevin Kamran Quliyevdən nəyi əskikdir ki? Turnir cədvəli də "gəl-gəl" deyirdi.
Komandanı ilk üçlükdə qoruyub saxlamaq əvəzinə, pərdəarxası oyunlar tərs sillə oldu. Necə deyərlər, niyyətin hara, mənzilin də olar! Onsuz da, "Sumqayıt"ın potensialı bəlli idi. Rəqiblərin zəifliyi fonunda mövqe qoruna bilərdi. Əgər niyyətlər təmiz olsaydı. İndi "Neftçi" Samir Abasovun sayəsində zirvədədir.
Zədəlilər, yoluxmalar, "Sumqayıt"ın süni olaraq millinin bazasına çevrilməsi də bir tərəfdən. Heç bir ciddi məqsədi olmayan komanda qısa vaxtda bu yükü daşıya bilməzdi.
Bu səbəbdən ikinci dövrə "Sumqayıt" üçün cəhənnəmə döndü. Aralıq dönəmindəki formalaşma, hazırlıq problemləri, sonda baş məşqçinin özünün xəstələnməsi, futbolçulardan, məşq prosesindən kənar qalması, komandanı çökdürdü.
Ayxan Abbasova Allahdan şəfa diləyirik! "Sumqayıt" tək Əli Qurbanidən asılı olmamalıdır. Fasilədə baş məşqçinin düşünməyə kifayət qədər vaxtı var.
Komandanın enişinin davam etməməsi üçün nə qədər mövcud şəraitdə çətin olsa da, toparlanmaq şərtdir.
Riad Rəfiyevə isə "Neftçi"nin çökməsini gözləmək qalır. Amma bu da önəmli deyil, Kamran Quliyev Sumqayıtda xarüqələr yaradıb Bakıya üz tutmuşdu məgər?
"Sumqayıt"ın son oyunda dayağının nə vəziyyətdə olduğunu hamı gördü. Əsas, başqa dayaqların möhkəm olmasıdır. Elxan Məmmədovun canı sağ olsun - niyə də yox?!
Rəfiyev, meydanda "oynaya" bilmirsiz, hamı görür. O qədər bəsit "oyunçusuz" ki, son günlər gündəmdə olan Babadağdan da Sumqayıt-Bakı marşrutu planı açıq görünür.
SPORTİNFO.AZ

